BİZNES

28 İyul

Cari ilin I yarısında KOB evlərində sahibkarlara 197 mindən çox xidmət göstərilib

KOB evlərində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 98%-dir.

Fins.az xəbər verir ki, bu ilin yanvar - iyun aylarında KOB evlərində sahibkarlara 197 mindən çox xidmət göstərilib. Göstərilmiş xidmətlərin 155 mindən çoxu “Bakı KOB evi”nin, 29 mindən çoxu “Yevlax KOB evi”nin, 13 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür.

Xidmətlərin 190 mindən çoxu dövlət qurumları (“G2B”), 7300-ə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.    

Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOB evlərinə müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

Cari ilin I yarısında KOB evlərində yeni xidmətlər də sahibkarların istifadəsinə verilib.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir və Agentlik sahibkarlara vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu əsasında biznes xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradıb. Hazırda KOB evlərində biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, reklam, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-dən çox dövlət və özəl qurum tərəfindən 250-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.