BİZNES

24 İyul

Dövlət Xidməti Almaniya Fiziki-Texniki Federal İnstitutunun ekspertləri ilə birgə seminar keçirib

Seminar zamanı gil dam örtüyü və döşəmə plitələrinə dair standartlaşdırma, sınaq və sertifikatlaşdırma xidmətləri və Calidena metodu barədə məlumat verilib. Müvafiq sahənin tənzimlənməsi üzrə normativ tələblər və prosedurlar müzakirə edilib.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) ekspertləri tərəfindən tikinti materialları qrupuna aid olan gil dam örtüyü və döşəmə plitələrinin təhlükəsizlik və keyfiyyət tələbləri üzrə seminar təşkil olunub.

Üç gün davam edən seminarda Dövlət Xidməti və tabeliyindəki qurumların əməkdaşları, eləcə də sözügedən materialların dəyər zəncirində maraqlı tərəflər olan istehsalçılar, distribütor və giriş təchizatçıları iştirak ediblər.

Seminar zamanı gil dam örtüyü və döşəmə plitələrinə dair standartlaşdırma, sınaq və sertifikatlaşdırma xidmətləri və Calidena metodu barədə məlumat verilib. Müvafiq sahənin tənzimlənməsi üzrə normativ tələblər və prosedurlar müzakirə edilib.

Eyni zamanda, tikinti materiallarının tələblərə uyğunluğunun qiymətləndirilməsi, laboratoriyaların təchizatının zənginləşdirilməsi və Azərbaycanın tikinti sənayesinin xarici bazarlara münasibətdə rəqabət qabiliyyətinin artırılması istiqamətində təkliflər verilib.

Sonda seminar iştirakçılarının istehsal prosesi ilə tanış olmaları üçün zavodlara tur təşkil edilib, xammalın əldə olunması, istehsal prosesinin mərhələləri, habelə satışa təqdimolunma ilə bağlı tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, Calidena metodu Almaniyanın milli metrologiya təşkilatı olan Fiziki-Texniki Federal İnstitut tərəfindən hazırlanıb. Bu metod dəyər zəncirində keyfiyyəti təmin etməyə yönəlib və inkişaf etməkdə olan ölkələrdə keyfiyyət infrastrukturunun inkişafı və davamlılığının dəstəklənməsinə xidmət edir.