"Balakan Foods” şirkətinin məhsul müdiri Ceyhun Babayevin Fins.az-a müsahibəsi.
- Şirkətin iş prinsipi və xidmətləri haqqında məlumat verərdiniz.
- Əsas işimiz quru meyvə, şokoladın istehsalı ilə bağlıdır və oların emalını, ixracatını həyata keçiririk. İş prinsipimiz isə ondan ibarətdir ki, bölgələrdən, əsasən Balakən rayonunda olan fermerlərdən, kəndçilərdən məhsulları alırıq, onları lazımı standartlarla qurudub və xarici bazarda satırıq. Ancaq öz qurutduğumuz məhsulları yox, yerli istehsalçıların da məhsullarının satışına dəstək olmuş oluruq.
- Həm daxili, həm də xarici bazarları dəyərləndirsək, bunu rəqəmlərlə necə göstərə bilərsiniz?
- Daxili bazar müəyyən qədər qurulub, amma ixracat bazarı ilə heç bir şəkildə müqayisə oluna bilməz. İxracatda təxminən 20 dəfə çox böyük bir bazar var və hesab edirəm ki, bu bazar daha da inkişaf etdirilə bilər.
- Meyvələrin qurudulması metodu hansı üsulla aparılır və ümumiyyətlə, bu sahədə nəyə diqqət edilməlidir?
- Əsas fikir verdiyimiz məsələ isə Avropa standartlarında olması və gigiyenik tərəfidir. Qurutma texnologiyasında “cold dry” texnologiyasından istifadə edirik ki, məhsulun vitamini itməsin və faydalı mineralları olduğu kimi qalsın.
- Avropa standartları qeyd etdiniz. Burada əsas kriteriyalar nələrdir?
- İstehsal zamanı gigiyenik və fitosanitar normalara əməl olunması, son məhsulun bakteraloji yükünün və istifadə olunan dezinfeksiya maddələrinin icazə verilən standartlarına uyğun tənzimləmsidir. Bunlar olduqda dünyanın istənilən ölkəsinə rahat şəkildə ixracat etmək mümkündür.
- Ümumiyyətlə, Azərbaycanda quru meyvə bazarını necə dəyərələndirisiniz?
- Daxili bazar olaraq inkişaf tendasiyası var. Yerli istehsalçılar da günü-gündən artmaqdadır. Burada istər milli yeməklərimizdə istifadə olunan quru meyvələr-kişmiş, alça, istərsə də süfrə üçün xurma, alma və s. meyvələrin istehsalında artım var. İxrac potensialı çox ciddi şəkildə, əsasən də xurmada artıb.
- Yerli bazarda ən çox hansı quru meyvələr satılır?
- Əsasən kişmiş, ərik və alça daha çox satılır. Xüsusiylə də Novruz bayramında təlabat daha da artır. Türkiyə, Özbəkistan kimi ölkələrdən bu məhsullar üzrə idxalat var.
- Azərbaycanda ən çox yetişən və ən yaxşı meyvə hansıdır?
- Ən yaxşı məsələsi nisbi məsələdir, amma həcm olaraq ən çox alma və xurma üstünlük təşkil edir. Hətta, işğaldan azad olunan torpaqlarda xurma və alma ağaclarını görə bildik. Bu iki məhsul ciddi şəkildə daha çoxdur. Bunların da xarici bazara çıxarılmasında ciddi potensial var. Sadəcə olaraq, bunu işləyib, həyata keçirmək lazımdır. Türkiyə, Özbəkistan, İran kimi iri quru meyvə ixracatçıları olan ölkələrdə meyvəni adətən kəndli və ya kiçik fermerlər qurudur. Fabriklər isə əhalidən bu məhsulu alıb standartlaşdırır, qablaşdırır və ixrac edirlər. Bizdə isə bu, quru meyvədə istehsal zənciri qurulmayıb. Ona görə də ixrac bazarlarımızın tələbatından qat-qat az məhsul istehsal olunur.
Məsələn, fındıqda bu sistem mükəmməl şəkildə qurulduğu üçün Azərbaycan fındıq ixracatıında dünyada ilk sıralarda yer tutur. Bu zamanında fındıqçılara yaradılmış şərait və dəstəyin nəticəsidir. Bu işdə mərhum prezident Heydər Əliyevin rolunu vurğulamasaq haqsızlıq olar.
- Bu, kifayət qədər çeşidlərdən istifadə etmək deməkdir. Ölkəmizdə şirniyyatla çay içmək təbliğatı quru meyvə ilə çay içmək təbliğatından daha çoxdur. Bu ənənəni niyə təbliğ etmirlər və ümumiyyətlə, bu sahədə hansı addımı atmaq fikriniz var?
- Bu dediyiniz əgər ənənədirsə, deməli, əsrlərlə formalaşıb. Azərbaycanda tarixi ənənəmiz mürəbbədir ki, bu da meyvənin konservləşməsinin başqa formasıdır. Bunun inkişaf etməyi yaxşı haldır, xüsusiylə də ixracata yönəlik olarsa...
Amma istər süfrə təqdimatında, istərsə də hədiyyə kimi quru meyvə də yavaş-yavaş yerini alır. Bu, korperativ satışlarda da özünü göstərir.
Çay süfrəsinin xaricində dünyada dietik bəslənmədə də quru meyvədən istifadədə artış tendesiyası müşahidə olunur. Türkiyədə buna “atışdırmalıqlar” deyir. Məhz bunu təbliğ etmək lazımdır. Biz də çalışırıq ki, bunun təbliğatında rolumuz olsun. Bu sahaədə də ciddi ənənə inkişaf edib. Daxili bazarda da potensialı yüksəkdir. Xaricdən idxal olunmuş şəkərli və sağlamlığa zərərli quru meyvələrlə diqqətli olmaq lazımdır. Bizim məhsullara daha çox üstünlük verilməlidir ki, onlar da sağlamlığa heç bir ziyanı olmayan və şəkərlənməmiş meyvələrdir. Bu sahədə bilgili olmaq lazımdır. Quru meyvə adı ilə özümüzə zərər verməkdən qaçmalıyıq. Çalışırıq ki, sağlıqlı quru meyvənin də nə olduğunu insanlarımıza çatdıraq.
- Quru meyvə istehsalçılarında təşkilatlar, birliklər varmı?
- Ayrı-ayrı təşilatlar, birliklər var. Amma deməzdim ki, bu təşkilatlar sayəsində hansısa işlər görülür. Bu sahədə ciddi təbliğat və istehsalçıların problemlərini ortaya qoyub, dövlət rəsmilərinə çatdıracaq birlik yoxdur. Adını müəyyən birlik qoymuş qurumlar var ki, onlar da ciddi iş görmürlər. Bu reallaşsa, çox yaxşı olardı. Eyni zamanda problemləri dövlətə çatdırıb, inkişafa təkan vermiş olardı. Biz öz tərəfimizdən dövlət qurumlarına bu məsələnin ciddiyətini izah etməyə çalışırıq ki, burada ölkəmiz üçün ciddi potensial var. Buradan da həmin qurumlara səslənirəm ki, bu potensialı dəyərləndirəsiniz. Bu, ölkənin marağıdır. Əgər buna dəstək olunsa, ölkə üçün müsbət hal olar. Çalışırıq ki, ciddi bir qurutma ənənəsi formalaşsın. Bununla bağlı da əlimizdən gələni etməyə hazırıq ki, təki inkişaf yolunu tutmuş olaq.
- Qablaşdırma ilə bağlı problemləriniz varmı?
- Yerli qablaşdırma istehsalı zəifdir. Amma bu sahədəki çatışmazlıqlarımızı əsasən Türkiyədən sifariş edərək aradan qaldırırıq. Amma mümkün qədər yerli qutu istehsalçıları ilə də işləməyə çalışırıq. Gördüyünüz bir çox məhsulun qablaşdırılması yerli istehsaldır. Amma xaricdən gələn məhsul yerli istehsaldan daha ucuz başa gəlir. Bildiyim qədəriylə dövlət buna lazım olan xammalın gömrüyünü sıfırlayıb. Buna baxmayaraq, qiymətlər bahadır. Mənə elə gəlir ki, ixracata yönəlik şirkətlərin sayı artarsa, bu məsələ də öz həllini tapmış olar. Bir sözlə, qablaşdırmaya təlabat artarsa, bu da inkişaf etmiş olar. Təbii ki, bu bir zəncirdir.
- Xurmanın qurudulmasında xurmadan başqa məhsuldan bəhrələnirsinizmi?
- Xurmadan ən çox istifadə edilməsində ilk yerləri tutan ölkələrdən biri Yaponiyadır. Yapaoniyada xurmanın hər şeyi var. Həm sabunu, həm kosmetik məhsulları, üz maskaları, dərman vasitələri və s. Onlarda xurma cavanlaşma iksiri hesab edilir. Eyni məhsul bizdə də var. Bu bazar geniş inkişaf etdikcə məhsullardan daha çox istifadə olunacaq. Bu, yenə də yan sənayedir. Ana məhsul xurmanın özüdür.
- Bildiyimiz kimi, dövlətimiz son illərdə istehsalçılara böyük dəstəklər göstərir. İstər vergi, istər də rüsum baxımından və s. Hansı dövlət sturukturunun dəstəyinə ehtiyacınız var?
- Əslində dövlətin kənd təsərrüfatı sahəsində yardımı, layihələri və kəşbəkləri var. Bu sahədən həm biz, həm də tanıdığımız biznesmenlər istifadə edir. İstər güzəştli kreditlər, istər kənd təsərrufatı məhsullarının xaricə ixracatı təşfiqlər yetərincə var. Sadəcə olaraq, burada sistematik yanaşma çatışmır. Bu sahə biraz sistemləşməlidir. Bunun üçün də dəstək lazımdır. Bütün ölkə ərazisi üzrə istehsal müəssisələri yayılmalıdır ki, lazımi qədər məhsul istehsal olunsun.
Müəyyən kənd təsərrüfatı avadanlıqları var ki, onları ölkəyə gətirəndə gömrükdə çətinliklər olur. Bəzən qurutma avadanlığı kənd təsərrüfatı avadanlığı kimi qeydiyyata alınmır.
- “Azpromo” və yaxud başqa təşkilatlarla işləriniz hansı səviyyədədir?
- İstər “Azpromo”, istər KOBİA olsun, bunlarla müəyyən münasibətlərimiz var. “Balakan Foods” olaraq Moskvada qida sərgisində məhsullarımızı “Azpromo” vasitəsi ilə tanıtmışıq. Bu sahədə bizə çox dətək olublar. Bu yaxınlarda Səudiyyə Ərəbistanında keçirilən qida sərgisində KOBİA vasitəsilə iştirak etdik və məhsullarımızı tanıtdıq. Bu sahədə onların gördüyü işlər var. Burada əsas məsələ ondan ibarətdir ki, məhsul olmalıdır. Məhsul olandan sonra qalır onun tanıdıb və satılması. Bugünkü gün problem ölkə içində məhsulun tədarüküdür. Ehtiyac olan qədər hazır məhsul yoxdur ki, biz və digər şirkətlər onu ixrac edə bilsin.
- Qurudulmuş meyvə-tərəvəz biznesinin üstünlüklərindən bəzilərini (xammal çox ucuz olmasını, saxlama müddətinin bir neçə il olması, təzə məhsuldan fərqli olaraq xarab olma ehtimalı yoxdur və daşınma xərcləri 4-5 dəfə aşağıdır.) nəzərə alsaq, bunun inkişaf perstektivlərini nədə görürsünüz?
- Siz dediyiniz çox ciddi faktorlardır. Yəni yaş meyvə ilə konservləşdirilmiş quru meyvə arasında üstünlüklərdən biri də budur. İstər daşınma xərcləri, istər uzunömürlü olması baxımından... Yaş halda xaricə ixrac edilə bilməyən məhsulları daxili bazara emal edib, quru meyvə kimi yenidən xarici bazara ixrac şansı əldə etmək üçün bu sahə çox gözəl sahədir. Bu sahədə inkişaf üçün çox ciddi şəkildə əlimizdən gələni edirik. Kiçik sahibkarlara bu sahəni təşviq edirik. Bir sözlə, həm təşviq, həm də texnoloji sahədə onlara əlimizdən gələn köməyi əsirgəmirik. 4-5 müəssisəni bu şəkildə, sözün əsl mənasında bu sahənin aludəsçisi etmişik. Yəni uğurlu istehsala başlayan 4-5 müəssisə var ki, onlar da bizim yardımımız ilə başlayıblar. Onlara bu sahəni biz öyrətmişik. Çünki bu sahədə ciddi potensial var və lazımdır ki, bunu təşviq edək. Vaxtaşırı yaş meyvə-tərəvəzin ixracatında problemlər yaşandığının şahidi oluruq. Quru meyvə və konserv məhsulları əlavə dəyərli məhsul kimi bu riski minimuma endirmək üçün yaxşı alternativdir. Düşünürəm ki, dövlət buna ciddi önəm verəcək, böyük investisiyalar qoyulacaq və təşviqlər də olacaq. Çalışacağıq ki, bu məsələni ciddi şəkildə qabardaq.
- Xurma istehsalçıları əsasən məhsulu yaş meyvə şəklində Rusiyaya ixrac edir. Rusiyaya göndərmək əvəzinə bunu sizə təklif etsələr necə dəyərləndirərsiniz?
- Əslində yaş halda baha satıla bilən məhsulları qurutmaq sərfəli deyil. Onları elə yaş şəkildə satmaq daha sərfəlidir. Çünki xüsusi məhsul olduğu üçün baha başa gəlir. Buna görə də, onların quru halda satılması çətinləşir. Bugünkü gündə ölkədə İspaniya və İsrail növlü xurmalar yetişdirilir. Hansı ki, onlar bahalı texnologiyalarla yetişdirilir. Adətən bunlarla məşğul olanlar böyük şirkətlərdir. Əhalinin yetiştirdiyi məhsulların çox hissəsini xarici bazara aparıb çatdırmaq olmur. Daxili bazarda da satmaq mümkün olmadıqda, həmin məhsul zay olmuş olur. Biz əsasən buna fokuslanmalıyıq ki, heç bir iqtisadi fayda əldə edilməyən bu məhsulları qurudaraq iqtisadiyyata qazandıraq.
- Qeyd etdiyiniz bu məsələ neçə faiz təşkil edir?
- Belə izah edək ki, Azərbaycanda bunun ciddi bir statistikası yoxdur. Amma hesab edirəm ki, göstəricilər yarı-yarıyadır. Xarici bazarlarda satılan məhsullardan da çox əhalinin həyətlərdə itkiyə gedir. Biz bunu əyani şəkildə görürük. Xurma sezonunda hansı rayona gediriksə, (Əsasən Zaqatala və Balakən) orada görürük ki, həyətdə yerlər qırmızıya boyanıb. Məhsullar yerə tökülüb. Bu hal Gəncədə, Ağstafa, Ağcəbədi və başqa rayonlarda da eyni vəziyyətdədir. Yerə tökülən məhsulu isə dəyərləndirən yoxdur.
- Kəndçi yerə tökülən məhsullarını satmaq üçün hara müraciət etməldir?
- Biz çalışırıq ki, ölkənin hər tərəfində istehsalçılar olsun. Çünki meyvənin nəqliyyatı ciddi bir maliyə yüküdür. Məsələn, məhsulun Zaqataladan Bakıya gətirilməsi məhsulun ciddi bir maliyyə itkisinə gətirib çıxarır. Buna görə də, çalışdığımız odur ki, bu problem lazımi instansiyalara çatdıraq. Ölkənin bütün rayonlarında kiçik istehsalçı formalaşsın. Misal üçün, Gəncə sakini öz həyətindəki məhsulu öz rayonundakı istehsalçısına və ya digər ora yaxın rayonların birinə təhvil versin. Yaş məhsulun daşınması ilə bağlı xərc daha çoxdur. Yaş məhsul yerindəcə istehsal olunub quru meyvə halına gətirilərsə, biz onu Zaqatalaya-öz müəssisəmizə gətirərək, paketləyib ixrac edə bilərik. Amma yaş məhsulu ölkənin bir tərəfindən digər tərəfinə aparmaq sərf etmir. Yerli və kiçik istehsalçılar formalaşarsa, avtomatik olaraq onun tədarükçüləri də formalaşacaq.
Fuad Mədətov
Fins.az