“Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) texniki yardım layihəsi müzakirə edilib.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) ilə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Avropa İttifaqının 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankı tərəfindən həyata keçirilən “Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) texniki yardım layihəsi müzakirə edilib. Tədbirdə Dünya Bankının nümayəndələrinə dövlət satınalmaları sahəsində atılan addımlar barədə məlumat verilib, Dövlət Xidmətinin gözləntiləri çatdırılıb. Tərəflər, həmçinin layihə çərçivəsində uğurlu əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparıb.
Qeyd edək ki, “Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) texniki yardım layihəsinin həyata keçirilməsində məqsəd Hökumətə dövlət idarəçiliyinin dürüstlüyünü və hesabatlılığını artırmağa, rəqəmsal həllər və strateji satınalmaların və e-GP-nin ((The Electronic Government Procurement – Elektron Dövlət Satınalamaları) effektiv tətbiqi yolu ilə dövlət satınalmalarının izlənilirliyini, şəffaflığını, səmərəliliyini və dəyərini gücləndirməyə kömək etməkdir. Layihə çərçivəsində AİBNDX, bu sahədə aidiyyəti dövlət qurumları və dövlət satınalmalarının iştirakçıları ilə məsləhətləşmələr, fikir mübadiləsi və mövcud vəziyyətin öyrənilməsi üçün missiya fəaliyyətə başlayıb.
Layihənin yekununda Azərbaycan üçün ölkə səviyyəsində strateji satınalmalar üzrə analitik hesabat, həmçinin Elektron Dövlət Satınalmalarının hazırlığının qiymətləndirilməsi və icrasına dair yol xəritəsi üzrə analitik hesabatın hazırlanması planlaşdırılır.
Qeyd edək ki, Avropa İttifaqının 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankı tərəfindən “Azərbaycan üçün çevik texniki yardım aləti” (AZTAF) icra olunur. Aİ ilə tərəfdaşlıq prioritetlərinə uyğun olaraq, sözügedən alət çərçivəsində dörd istiqamət - “daha güclü idarəetmə”, “daha güclü iqtisadiyyat”, “daha güclü əlaqəlilik və dayanıqlılıq” və “daha güclü cəmiyyət” üzrə aidiyyəti dövlət qurumları ilə bir sıra texniki yardım layihələri icra edilir.