BİZNES

23 İyul

Ölkəmizdə forklift bazarında xidmət göstərən şirkət sayısı artmaqdadır - Şövkət Balayev

"Uniift" şirkətinin marketing şöbəsinin müdiri Şövkət Balayevin Fins.az-a müsahibəsi.
 
- Bilirik ki, bütün bölgələrdə müştərilərə xidmət verirsiniz. Digər özəllikləriniz nədən ibarətdir?
 
- 27 illik fəaliyyət dövrümüzdə Azərbaycan bir çox bölgəsinə xidmət göstərmişik. Təbii ki, Bakıdan başqa digər rayon və şəhərlərimizdə xidmət sahəmiz daha çox korporativ səviyyədə baş tutmuşdur. Unilift MHE Center olaraq biz müştərilərimizə çəngəlli yükləyicilərin satışı ilə yanaşı, həm də onların icarəsini və təmirini həyata keçiririk. Əlbəttə, bunlardan əlavə olaraq şirkətimiz istənilən növ forklift üçün təmir xidməti də göstərməkdədir. Burada xüsusilə vurğulamaq yerinə düşər ki, bizim personallarımızın hər biri təcürübəli və işinin peşəkarı mütəxəssislərdir. Düşünürəm ki, bu bizi bu sahədə digər şirkətlərdən fərqləndirən əsas özəlliklərimizdən biridir.
 
 
- Müştəri məmnuniyyəti necə öyrənilir?
 
- Şirkətimiz qurulduğu ilk gündən etibarən əsas məqsədimiz hər zaman müştəri məmnuniyyətini ön planda tutmaq olmuşdur. İllərdir bu yöndə davam edən fəaliyyətimiz boyunca müştərilərimizə qarşı daima qayğı və nəzakətlə xidmət göstərərək, onların bu sahədə olan problemlərini həll etməyə çalışmışıq. Xüsusilə, müştəri məmnuniyyətinə gəldikdə isə, bizim müştərilərimizin demək olar ki, bir çoxu ilə illərdir davam edən işbirliyimiz var. Müştərilərimizə göstərdiyimiz xidmətlərdən sonra hər zaman onlarla maraqlanır, xidmətimizin səviyyəsi barədə onlardan məlumat alırıq.
 
 
- Regionlarda çalışan mütəxəssisləri necə yetişdirirsiniz?
 
- Regionlarda işlərimiz olduğu zaman biz əvvəlcədən yetişdirdiyimiz əməkdaşlarımızı həmin bölgə üzrə işlərə yönləndiririk. Təbii ki, bu məsələ əvvəlcədən planlaşdırılmış və tərəfimizdən təlim keçirilmiş, təcrübəli əməkdaşlar tərəfindən həyata keçirilir.
 
- Əsas müştəriləriniz hansı sahədən olur? Və yeni müştəriləri hansı üsulla cəlb edirsiniz?
 
- Bizim müştərilərimizin demək olar ki, 80-90%-i inşaat sektoruna aid olan şirkətlərdir. Daha əvvəl də qeyd etdiyim kimi, biz daha çox korporativ olaraq şirkətlərə xidmət göstəririk. Bununla yanaşı, təbii ki, bizim xidmətlərdən yararlanmaq istəyən fiziki şəxslərə də xidmət göstəririk. Ölkəmizdə bu sahədə fəaliyyət göstərən ilk şirkətlərdən biri olduğumuz üçün bu sektorda yetəri qədər tanınmış şirkətik. Son illərə qədər xidmət göstərdiyimiz müştərilərimizin bizi digər şirkətlərə tövsiyə etmələri sayəsində müştərilərimiz daha da artmaqdadır. Bununla birlikdə, fəaliyyətimizlə maraqlanan, xidmətlərimizdən faydalanmaq istəyən şəxslər üçün də saytımız fəaliyyət
göstəməkdədir. Saytımız sayəsində həm məhsullarımızla, həm xidmətlərimizlə tanış olmaq mümkündür. Əlavə olaraq, saytımızda bizim sektorla bağlı hər ay sabit olaraq bloq yazıları da paylaşılır ki, bununla da işlərimizlə maraqlanan insanlar bu sayədə məlumat sahibi ola bilirlər.
 
- Forklift bazarında nə kimi dəyişikliklər var?
 
- Zaman keçdikcə ölkəmizdə bu sahədə xidmət göstərən şirkət sayısı artmaqdadır. Təbii ki, şirkət sayısı artdığı zaman müəyyən dərəcədə rəqabət yaranır. Bu rəqabət ölkəmizdə bizim sahədə fəaliyyət göstərən şirkətlərin ancaq xeyrinədir. Yaranan rəqabət biz və bizim kimi digər şirkətlərin daha yaxşı xidmət göstərməsinə şərait yaradır.
 
 
 
- 27 illik təcrübənizə əsaslanaraq yaxın 10 ildə ümumi biznes aləmində sizcə nə dəyişikliklər ola bilər?
 
- Ölkəmiz müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatı sayəsində yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Burada ölkə rəhbərliyinin iş adamları üçün yaratdığı şərait danılmazdır. Xüsusilə hər il ölkəmizdə yeni şirkətlərin yaranması, fərqli layihələrə investisiyaların edilməsi, bizneslər üçün şərtlərin asanlaşdırılması təqdirəlayiq haldır. Qarşıdakı 10 il ərzində ölkəmizin biznes aləmində bütün sektorların daha da inkişaf edəcəyi, şirkətlərin rəqəmsallaşmağa doğru gedəcəyi və təbii ki, bütün sahələrdə böyük yatırımların olacağı gözləniləndir. Qeyd etmək yerinə düşər ki, cənnət məkan Qarabağın işğaldan azad olunması sayəsində xüsusilə inşaat sektorunda yeniliklərin olması və dolayısıyla həmin bölgələrdə bir çox biznes sahəsinin inkişafı edəcəyini təxmin etmək mümkündür.
 
 
 
- Biznes sahəsində yeni olan sahibkarlara nə tövsiyə edərsiniz?
 
- Biznes sahəsində yeni olan sahibkarlara ilkin olaraq motivasiyadan düşməməyi tövsiyə edərdim. Dünyanın istənilən ölkəsində qurulan bizneslərin ilk 6 ayı əsas mərhələlərdən sayılır. Belə ki, bu mərhələdə şirkətlərin özünü tanıtması, potensial müştərilərə çıxması çox önəmlidir. Daha dünya üzrə çıxarılmış bir statistika ilə tanış olmuşdum, həmin statistikada qeyd olunurdu ki, dünyada qurulan şirkətlərin 60-70%-i 2 ili başa vurmadan bağlanır. Ona görə də məhz bu dönəmdə sahibkarların investisiya etdikləri işdən geri durmamaları, daha səylə çalışmaları vacibdir. Bununla yanaşı, xidmət göstərdikləri sahə üzrə müştərilərinə tam fayda verməli, aldıqları məbləğin qarşılığını sonuna qədər haqq etməli olduqlarını düşünürəm. Yalnız bu halda həmin bizneslərin daha xeyirli ve uğurlu olacağını, irəlidə daha da inkişaf edəcəyini əminliklə söyləmək olar.
 
 
Leyla Fikrətqızı
Fins.az