BİZNES

23 İyul

Tərcümə sahəsində tariflərin dəyişməsinə səbəb təlabatın çoxluğu və dilin çətinliyi ilə bağlıdır – Ruslan Tağıyev

“Shams Translation” şirkətinin təsisçisi Ruslan Tağıyevin Fins.az-a müsahibəsi.
 
- “Shams Translation” şirkəti və şirkətin xidmətləri haqqında məlumat verərdiniz.
 
- Şirkətimizin adından göründüyü kimi, tərcümə xidməti sahəsində çalışırıq və 23 ildən çoxdur ki, fəaliyyət göstəririk. Tərcümənin bütün sahələri üzrə-yazılı, şifahi, sinxron, onlayn və başqa bu kimi xidmətlərimiz mövcuddur. Şifahi və sinxron tərcümələr dövlət tədbirlərində, təşkilatlarda, özəl müəssisələrdə xaricdən qonaq olduğu zaman şifahi tərcümləri edirik. Hər hansısa tədbir olduqda sinxron tərcümə avadanlıqlarını, texniki quraşdırmaları, səs
sistemlərini, kabinələri, qulaqcıqları və s. hər birini təşkil edirik. Yazılı tərcümələrdə isə notarial təsdiqlər mümkündür. Elə tərcümələr var ki, notarial təsdiqinə ehtiyac olmur, tərcümə mərkəzinin möhürü ilə olur. Bəzi mətbəələr var ki, texniki, tibbi, hüquqi, o cümlədən, bədii sahələrdə-xüsusiylə, kitablarda dərc olunan hekayələri, məqalələri tərcümə elətdirirlər. Həmçinin saytlar da yazılarını tərcüməyə verirlər. Ümumilikdə 40 dil civarında tərcümə prosesi həyata keçirilir. Etdiyimiz tərcümənin keyfiyyətinə də tam arxayınıq. Təsdiq məsələlərində də notariat təsdiqindən sonra apostil sənədləri və leqallaşma məsələlərinə də baxırıq. Avropa Konvensiyasına qoşulan ölkələrdə tərcümələr apostil olunmuş vəziyyətdə keçərlidir. Tərcümələrimizdən lazım olanlar Ədliyyə Nazirliyində təsdiqlənir və apostil olunur. Demək olar ki, digər tərcümə mərkəzlərinin əksəriyyətində bu hal mümkün olmur. Bizdə isə mümkündür.
2012- ci ilin dekabrında “ASAN xidmət” açılanda layihəmizi birbaşa təqdim etdik. Layihəyə baxıldıqdan sonra tərcümə xidmətinə ehtiyac olduğu təsdiqləndi və beləliklə, tərcümə xidməti funksional xidmət kimi “ASAN xidmət”də də fəaliyyətə başladı. Elə sadaladığım tərcümə, təsdiq, leqallaşma, apostil məsələlərini də burada həll edirik. Artıq insanlar “ASAN xidmət”ə gəlib hər hansı ximəti alırsa, xarici ölkə vətəndaşıdırsa, ya da xarici ölkədə doğulubsa, başqa yerdə tərcümə axtarmır, elə birbaşa “ASAN xidmət”də bütün işlərini həll edə bilir.
 
- Ölkəmizdə tərcümə sahəsinə maraq həmişə olub. Sizcə, bu sahəyə olan maraq nədən qaynaqlanır? Şirkətinizin gördüyü işə olan təlabatda son dövrlər nə kimi dəyişikliklər var? 
 
- Şübhəsiz ki, tərcüməyə hər zaman maraq və ehtiyac olub. Xarici ölkə vətəndaşları turist qismində, o cümlədən, investisiya yatıran xarici şirkətlər, xaricdən Azərbaycana işləməyə gələnlərin iş vizasına və ümumiyyətlə, vizaya
ehtiyac səbəbindən gəlirlər. Bu halların çox olmağı tərcümə sahəsində də artım deməkdir. Artıq Qarabağ məsələsi həll olunduğu üçün xaricdən gələn turistlər çoxalıb. Onu da qeyd edim ki, bu turistlərə bələdçi lazım olduqda bu sahədə də fəaliyyət göstəririk.
 
 
- Tərcüməçilik çox zəhmət tələb edən və zəhmətinə görə az gəlir gətirən sahədir. Siz bu fikirlə razısınızmı?
 
-Tərcüməçilik çox məsuliyyətli peşədir. Əslində işini sevən insan gəlirinə baxmır. Ona görə məsuliyyətlidir ki, hansısa bir səhvə, (məsələn) sağlamlıqla bağlı tərcümələrdə mexaniki və s. tərcümədə olan başqa səhvlərə yol vermək olmaz. Yaxud da qurumun, şirkətin sənədlərində tərcümədə səhv olarsa, tamamilə başqa məna verər. Hansı ölkənin dilinin tərcüməsini ediriksə, həmin ölkənin mədəniyyətini, orada olan ənənələri yaxşı bilmək lazımdır. Tərcüməçilik elə bir peşədir ki, hər sahədə bilməlisən. Tərcüməçi texniki, tibbi, hərbi və başqa bir neçə ixtisası öyrənmiş, bilmiş olur. Bəzi hallar olur ki, tərcüməçi orada sözü tərcümə etmir, sözün sinonimlərini araşdırır tapır və tərcümənin əsl verdiyi mənaya çatır. İndi tərcümə proqramları var ki, sözü deyil, yalnız hərfi tərcümə edir. Bu da bəzi çaşqınlıqlara səbəb olur. Misal olaraq bildirim ki, ayaqqabı dərisini insan dərisi ilə eyni ifadə edir. Ümumilikdə isə onu deyə bilərəm ki, insan əgər gördüyü işdən məmnun olmursa, heç kimi də məmnun edə bilməz. Gəliri az və ya çox olması fərq etmir, əsas sevdiyin peşədə çalışmaq və onun öhdəsindən gəlməkdir.
 
- Viza tərcümələrində hansı yeniliklər var və nə kimi problemlərlə üzləşirsiniz?
 
- Əslində bizə yalnız tərcümə ilə bağlı məsələlərdə yaxınlaşırlar. Viza ilə bağlı problem olsa, burada bizə aidiyyatı məsələ yoxdur. Amma belə viza tərcümələri ilə bağlı müraciətlər çox olur. Pandemiyanı çıxmaq şərti ilə viza tərcümələrində artım çoxdur. Ümumi olaraq, bizim sahəmizdə olan problemlər isə vətəndaşların sənəd tərcüməsini son ana saxlamalarıdır. 1-2 saat qalmış təcili gəlirlər. Bu cür halların baş verməməsi üçün müəyyən müddət qabaqcadan tərcüməyə verə bilərlər. Həmçinin tərcümədən sonra əgər apostil və leqallaşma olursa, uzun çəkən proses olduğu üçün vaxtında müraciət etməlidirlər. Bəzən elə olur ki, sənədlərdə səhvlik olur, amma vətəndaşın özünün belə xəbəri olmur. Biz səhvlə bağlı vətəndaşa bildiririk.
 
- Statistik göstəricilərə görə ən çox tərcümə müraciəti hansı ölkələrədir və buna səbəb nədir?
 
- Statistikaya görə hazırda ən çox tərcümə müraciəti olan ölkələr sırasında Türkiyə birincidir. Əslində isə müəyyən sahələrə görə bölgü aparsaq, məsələn, təhsil sahəsində türk, italyan, ispan, ingilis, (əvvəl Ukrayna və Rusiya idi, hazırda müharibə şəraitinə görə bu hal dəyişib.), sağlamlıq sahəsində İsrail, Türkiyə, Almaniya kimi ölkələrin dillərinə ehtiyac var. Turizm sahəsində isə ən çox ingilis dilində tərcümə etdirirlər. Əvvəllər MDB ölkələrinə gedənlər rus dilində tərcümə etdirirdilərsə, artıq həmin ölkələr ya öz dillərində, ya da ingilis dilində tərcümə etdirirlər.
 
- Tarifləriniz necə təyin olunur?
 
- Əlbəttə ki, dəyişikliklər olur. Bunun da səbəbi təlabatın çoxluğu, dilin çətinliyidir. Məsələn, ekzotik dillərdən biri olan latın dili, çin dili (heroqliflər) və s. kimi çətin tərcüməsi olan dillərin qiymətində dəyişiklik olur. “ASAN xidmət”də tariflərimiz siyahısında erməni dilini görən vətəndaşlar təəccüblə yanaşırlar ki, “Bu nə ölkədir ki, onun dilini də qoymusunuz?”, amma lap əvvəldən Qərbi Azərbaycandan köç etmiş vətəndaşlarımız var ki, onların
sənədləri erməni dilində olduğu üçün bu dildə tərcüməyə ehtiyac duyulur. Qiymət baxımından şəhid ailələri, qazilər, müharibə iştirakçılarına, 1-ci qrup əlillərə imtiyazlar var. Sadəcə olaraq, bütün bunlara aid sənədi göstərməklə imtiyazlardan istifadə edə bilərlər.
 
 
- Tərcümə sahəsində hazırkı durum sizi qane edirmi və ümumiyyətlə, nə kimi çatışmazlıqlar görürsünüz? (Şəms Cənnətova Həsənli (aparıcı-mütəxəssis))
 
- Onu deyə bilərəm ki, bəzi xarici dillərdə tərcüməçi kimi yetişmək istəyənlər azdır və hazır olsalar da xaricə gedirlər. Bəzi bəsit dillərdə, (məsələn) alman dilində tərcüməçi azdır. Mən özüm alman dili üzrə mütəxəssisəm. Çatışmazlıq olaraq, sadəcə kadr azlığı problemi var. Hazırkı durum isə qənaətbəxşdir. Lap əvvəllər rus, ingilis adi dillər idi. İndi elə ölkələrdən gələnlər var ki, dilləri ekzotik dillərdir. Bizdə də tərcüməçilər universitetdə ixtisaslaşırlar. Bildiyiniz kimi, universitetlərdə də hansı dil üzrə ixtisas varsa, həmin dil üzrə təhsil almaq olur. Bu cür ekzotik dillərdə tərcümə ixtisasları yoxdur. Məsələn, Azərbaycanda isveç dili ixtisası yoxdur. Yenə də biz həmin tərcüməni edirik, amma rəsmiyyətə sala bilmirik. Gərək rəsmiyyət üçün alman dili savadı olsun. Dil biliyi olmadıqda mümkün deyil. Çünki İsveç dilində ixtisas, fakültə, diplom yoxdur.
 
 
Leyla Fikrətqızı
Fins.az