Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2 936 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunların 88,3%-i fiziki, 11,7%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb. Cari ilin yanvar-iyun aylarında kommersiya qurumlarının 55,4%-i elektron qaydada, 44,6%-i isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.
Cari ilin 6 ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1 353 vahid olub. Cari ilin iyun ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub. Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş obyekti olan ƏDV ödəyicilərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 dəfə artıb.