İyulun 13-də İranın Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə məsul nazirlərinin 3-cü görüşü keçirilib.
Fins.az xəbər verir ki, görüşdə üzv dövlətlərdə sahə ilə bağlı tənzimləmə siyasətinin optimallaşdırılmasının, qanunvericilik və İKT üzrə çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsinin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizdə kibertəhlükəsizlik, telekommunikasiya, peyk xidmətləri, eləcə də “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə müasir genişzolaqlı şəbəkənin qurulması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.
Görüşün sonunda birgə Tehran Bəyannaməsi qəbul edilib.
Qeyd edək ki, 1992-ci il noyabrın 28-də 7 ölkə – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub. Hazırda Təşkilatın 10 üzv ölkəsi var.