BİZNES

22 İyul

Azərbaycanda klassik ofis anlayışını qırmaq və yeni ideyaları daha da inkişaf etdirmək istəyirik – Məhəmməd Əliyev

“Offisa dizayn” şirkətinin marketinq və satış şöbəsinin müdiri Məhəmməd Əliyevin Fins.az-a müsahibəsi.

- “Offisa dizayn” şirkəti neçə ildir fəaliyyət göstərir və fəaliyyət istiqamətləri nələrdir? Ümumiyyətlə, son dövrlər dünyada dizayn sahəsinə böyük maraq müşahidə edilir.

- Şirkətimiz 2014-cü ildən fəaliyyət göstərir. Portfoliomuz olduqca genişdir. Ölkənin aparıcı ofis mebel istehsalçılarından biriyik. Şirkətlər qrupumuza 3 şirkət daxildir: “Forella”, Perla” və “Offisa dizayn”. İlk növbədə onu qeyd etməliyəm ki, fabrik olaraq fəaliyyət göstəririk. Fabrikimiz Balaxanı Sənaye Parkında yerləşir. Həmin fabrikin tərkibində həm ofis mebelləri-“Offisa dizayn”, həm də ev mebelləri-“Perla”, həm də ki “Forella” şirkətinə məxsus stullar istehsal olunur.

Bir çox dövlət qurumları və ölkənin aparıcı şirkətləri ilə əməkdaşlıq etmişik. Çoxsaylı layihələrimizi həyata keçib. Bizim işimiz yalnızca mebellə təmin etmək deyil. Biz bir mebel şirkəti yox, layihə idarəetmə şirkətiyik. Müştərilərimizə təkcə mebel yox, həm də layihələri ən doğru şəkildə təqdim edirik və onlara konsultasiya xidməti də veririk. Tərəfimizdən nəinki ofis mebelləri, eyni zamanda kafe, restoran, otel, mehmanxana, təhsil və səhiyyə ocaqları və.s obyektləri məhsulla təmin edirik. Həmçinin bura bir çox təhsil müsəssisələri (bağçalar, özəl kurslar və s.) daxildir. Yəni ki, fəaliyyət sahəmiz genişdir.

Bundan əlavə, “show room”muz Aşıq Molla Cümə küçəsində yerləşir ki, bu da  Azərbaycanın ən böyük ofis mebel “show room”mudur. 2400 kvadrat metr sahəni əhatə edən “show room”un daxilində həm bizim öz yerli, həm də Türkiyənin və dünyanın bir çox böyük brendlərinin Azərbaycanda əməkdaşlıq etdiyi şirkətlərin məhsulları var.

- Müştərilərə təkcə mebel yox, həm də layihə təqdim edirik dediniz. Şirkətinizin indi və gələcək üçün hansı layihələri var?

- Davam edən layihələrimiz var. Belə ki, ölkənin aparıcı şirkətləri ilə hazırda əməkdaşlığımızı, həmçinin bir çox şirkətlərin yeni ofis mebellərini, layihələrini biz həyata keçiririk. Bundan başqa bazara daha çox nüfuz etmək qərarına gəlmişik.

- 2014-cü ildən fəaliyyət göstəririk dediniz. 2023-cü ilə kimi “Offisa dizayn” hansı inkişaf mərhələlərini keçib? Hazırki inkişaf dövrü haqqında nə deyə bilərsiniz?

- Bazardakı hər bir şirkət bu sahədə mütəxəssisdir və hər birinin özünə aid bir xüsusiyyəti var. Bizim də xüsusiyyətimiz “show room”da göründüyü kimi həm dizayn baxımından, həm də məhsulların keyfiyyəti baxımından brendimizin seçilməyidir. Yəni, bizim formalaşdırmaq istədiyimiz brend odur ki, müştərilərə “Offisa dizayn” dedikdə, yüksək keyfiyyətli məhsullar, xüsusi dizayna malik ən yeni məhsullar canlansın. Azərbaycanda klassik ofis anlayışını qırmaq və yeni ideyaları daha da inkişaf etdirmək istəyirik. Biz müştərilərimizə təkcə mebel təqdim etmək istəmirik, həmçinin onların ofis mühitini daha da gözəlləşdirəcək, yaxşılaşdıracaq və müştərilərin əməkdaşlarının gördükləri işə müsbət effekt verəcək məhsulla təmin etmək istəyirik. Formalaşdırmaq istədiyimiz bazar dəyəri də məhz budur! Yəni biz dəyərimizə yalnız satış və ya gəlir gözü ilə baxmırıq. Şirkətin növbəti illər ərzində bazarda brendlərini daha da artırmağı düşünürük.

- Sizcə, şirkətinizlə eyni sahədə mövqe tutan şirkətlərin iş fəaliyyətində ən böyük boşluq nədir?

- Marketoloq və satış rəhbəri olaraq bu sahədə bir çox analizlər aparmışam. Açığı, nəzərdə tutulan boşluqları bölüşmək istəmərəm. Çünki bu bizə rəqabət üstünlüyü verir. Rəqiblərimizin boşluğundan istifadə edərək, bazarda rəqabət üstünlüyünü əlimizə almış oluruq və bununla da həmçinin satışlarımızı da artıra bilirik. Yəni ki, biz “Offisa dizayn” olaraq bir çox xarici sərgilərdə də iştirak edirik. Məsələn, 2022-ci ilin oktyabr ayında Almaniyanın Köln şəhərində təşkil olunan sərgidə, dekabr ayında isə İstanbulda keçirilən “Beynəlxalq Ofis Mebeli” sərgisində iştirak etdik. Ümumiyyətlə, hər il ərzində bu sərgilərə qatılırıq və orada görürük ki, Azərbaycan ofis mebelləri sahəsində geridədir. Orada da şüar olaraq vurğulanır ki, “müştəri bunu istəyir, biz də bunu edirik.”  Əslində elə deyil. Bazara daimi olaraq yeniliklər gəlməlidir. Həm məhsul baxımından, həm digər fəaliyyət baxımından bu sahədə çox da yeniliklər gəlmir. Hazırda isə məhsullarımızın dizaynı ilə bunu dəyişməyə, həmçinin, aradakı fərqliliyi qapatmağa çalışırıq. Bazara standart bir işçi masası təqdim etmək istəmirik. Daha modern dizayna malik, üstün keyfiyyətli, diqqəti cəlb edən və sadə tərzdə məhsullar  təqdim etmək istəyirik.

- Dünya ölkələri ilə müqayisədə Azərbaycanda dizayn təcrübəsi necədir? Sizcə, dizayn  mədəniyyətinin inkişafı nə ilə bağlıdır?

- Qeyd edim ki, Azərbaycanda istedadlı kadrlar həddən artıq çoxdur. Mən sizə  kataloqumuzu təqdim etsəm, oradakı dizaynlara baxdıqda, necə yüksək səviyyədə dizayn qabiliyyətlərinin olduğunu görə bilərsiniz. Dizaynerlərimiz işlərində kifayət qədər peşəkardırlar. Amma, ümumilikdə xaricdəki ölkələrlə çox da fərq olduğunu düşünmürəm. Çünki xarici brendlərlə özümüzü müqayisə etdikdə, Azərbaycanda məhsulların dizaynı ilə bağlı Avropa səviyyəsinə çatmadığımızı qəbul edirəm. Vurğuladığım kimi, bu məsələ müştərilərdən asılı olan haldır. Burada qiymət və başqa ünsürlər də var ki, çox böyük rol oynayırlar. Amma “Offisa dizayn” olaraq  məqsədimiz satışı artırmaq və ya gəlir əldə etmək deyil. Yeni bazar dəyəri formalaşdırmaq və ofis mebeli sahəsində Azərbaycana istiqamət vermək və inkişaf etdirməkdir. Həmçinin bazarda müəyyən problemlərə həll yolları tapmaqdır.

- Müştərilərin tələbləri ən çox hansı yöndə olur? Hədəf kütləniz qiymət baxımından necədir?

- Hədəf kütləmiz qiymət baxımından elastikdir. Yəni bazardakı müştərilərimiz qiymətə çox bağlıdır. Əlbəttə ki, bu da öz növbəsində bazarın inkişafına maneə törədir. Əgər şirkətlər arasında bazarda qiymət baxımından rəqabət varsa, təəssüflər olsun ki, həmin şirkətlər çox inkişaf edə bilmirlər. Amma bazara mütləq şəkildə yeniliklər gəlməlidir.

- “Offisa dizayn” şirkəti hansı ölkələrlə əməkdaşlıq edir?

- Hazırda Türkiyənin, Çinin bir çox şirkətləri ilə əməkdaşlıq edirik. Ümumiyyətlə, fabrik olaraq məhsullarımızı ABŞ şirkətlərinə qədər ixracatı həyata keçirik. İl ərzində 10 konteynrə qədər ABŞ-a məhsul ixrac edirik. İxrac sırf “Offisa dizayn” məhsullartı deyil, həmçinin “Forella” şirkətinin də məhsulları bura daxildir. Ümumiyyətlə, satışlarımız ən çox ölkə daxilində həyata keçirilir.

- Hər sahənin öz çətinliyi var. Fəaliyyət göstərdiyiniz illər ərzində “Offisa dizayn”ın qarşılaşdığı problemlərin kökündə nə dayanır? Bu problemləri müsbət yöndə dəyişmək üçün nə məsləhət görərdiniz?

- İşimiz ofis mebelləri üzrə layihə idarəetmə olması, məsələn, işçi masasının kiçik bir səhvi-1 sm-lik səhv olsa, masanın qısa olması müştəri üçün problem yaradır. Yəni, layihə idarə etməsində dünya şirkətlərində belə problemlərlə üzləşmək qaçınılmazdır. Əsas önəmli olan bu problemləri ən qısa zamanda və sürətli şəkildə aradan qaldırmağı bacarmaqdır. Elə biz də bunun üzərində işləyirik. Əlimizdən gəldiyincə müştəri məmnuniyyətini qoruyub saxlamağa çalışırıq. Çünki narazı olan müştəri razı olan müştəriyə nəzərən ətrafındakılara daha çox təsir edir. Ona görə çalışırıq ki, müştərilərimizə birinci növbədə ən yüksək keyfiyyətə malik şəkildə işimizi icra edək və ikinci növbədə isə yaranan problemləri qısa və sürətli şəkildə həll edək.

- Maliyyə göstəriciləriniz və biznes göstəriciləriniz haqqında nə deyə bilərsiniz?

- Hazırda satışlarımız da bu layihələr nəticəsində yüksəlməyə doğru gedir və durmadan artır. Bu da bizim daxildən görmüş olduğumuz proseslərin nəticəsidir. O cümlədən, bu proses il ərzində marketinqə və satışa verilən tövhələrin, fəaliyyətlərin bəhrəsidir. Bunu ən çox işçi heyətimizin genişlənməsində, fəaliyyət sahəmizin artmasında və bazarın bölünmə balansında görmək olar ki, bununla da şirkətin tutumunu qoruyub, artıra bilək.

Bazarda gördüyüm qədəri ilə digər şirkətlərdə hədəf kütləyə fokuslanma və müştəri analizinin düzgün olmaması problemləri ilə üzləşmək olur. Məncə, hər bir şirkət istər biznes, istər marketinq planlı şəkildə hərəkət etməlidir. “Offisa dizayn” şirkəti olaraq, qurmuş olduğumuz plana əsasən hərəkət edirik. Bunun da nəticəsi olaraq satışlarımızda müsbət yöndə dəyişikliklər müşahidə olunur. 

Leyla Fikrətqızı
Fins.az