BİZNES

10 İyul

Sosial-iqtisadi inkişaf Strategiyasının icrasına nəzarət və hesabatlılıq Portalı ilə bağlı təlimlər keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın monitorinq və qiymətləndirilməsinin elektron formada aparılmasının təmin edilməsi məqsədi ilə yaradılan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirmə Portalı”nın işləmə mexanizmlərinin izahı və tətbiqinə dair təlimlər keçirilib.  

Fins.az xəbər verir ki, hibrid formatda keçirilən təlimlərdə Strategiyada nəzərdə tutulmuş tədbirlərin əsas icraçısı olan 33 dövlət qurumunun 100-ə yaxın səlahiyyətli nümayəndəsinə sözügedən Portaldan istifadə qaydaları, şərtləri və bölmələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda bir neçə tapşırığın icrası test edilib. Təlimləri İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun və İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) əməkdaşları həyata keçiriblər.

Qeyd edək ki, Baş nazirin sərəncamı əsasında İİTKM Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi ilə birlikdə Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişatına nəzarətin effektivliyinin təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirmə Portalı”nın yaradılmasını həyata keçirir.