“Networking Azerbaijan” işadamları klubunun təsisçisi Orxan Hacıyevin Fins.az-a müsahibəsi.
- “Networking Azerbaijan” işadamları klubunun inkişaf perspektivi, xüsusiyyətləri və xidmətləri nədir?
- "Networking Azerbaijan" 6 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində 3 minə yaxın sahibkarları və idarəçiləri bir araya toplayıb. Biz onların iştirakı ilə tədbirlər və görüşlər həyata keçirmişik. Görüşlərimizin məqsədi gələn idarəçilər və rəhbər şəxslər arasında biznes əlaqələrin qurulmasıdır. Təşkilat olaraq şirkət rəhbərləri, aparıcı mövqeyə sahib olan nümayəndələri və dövlət nümayəndələri arasında biznes əlaqələrinin qurulması və inkişafı üçün tədbirlər keçiririk. Bununla bağlı böyük bir datamız mövcuddur. Datamız böyük olduğu üçün xarici şirkətlər "Networking Azerbaijan"a müraciət edirlər. Xüsusilə qeyd edim ki, Rusiya Ekspert Mərkəzi ilə əməkdaşlıq edirik. Rusiya, Koreya, Qazaxıstan və Azərbaycan iş adamları arasında “B2B” görüşlər həyata keçiririk.
- Sahibkarlar sizi seçməklə hansı özəlliklərə sahib olurlar?
- Sahibkarlar bizi seçməklə biznes əlaqələrlə yanaşı bir çox yeni simalarla tanış ola biləcəklər, həmçinin yeni biznes imkanları ilə qarşılaşacaqlar. Bundan başqa, onlar dostlar qazanaraq xoş vaxt keçirə biləcəklər. Biz yeni fəaliyyətə başlayan sahibkarlarla uzunmüddətli münasibətlərin qurulmasını təşkil edirik. Ümumi olaraq, "Networking Azerbaijan"ın məqsədi ölkəmizdə biznes turizmin inkişafıdır. Bununla əlaqədar olaraq, davamlı xarici şirkətlərin nümayəndələriylə yazışırıq. Hədəfimiz odur ki, həm investisiyanı, həm də iş adamlarını ölkəmizə gətirək. Ümumiyyətlə, əlaqələrin həyatda və biznesdə rolunu anlayaraq, bu rolun çox vacib və əhəmiyyətli olduğunu görərək, biz şirkət olaraq bir yola çıxmışıq. Buna görə də aktiv şəkildə həm öz çevrəmizi, həm də bizə qoşulan iş adamlarını, həm də ki kluba üzv olan şirkətlərin çevrəsini genişləndiririk. Bununla da yeni əlaqələr və imkanlar yaradırıq.
- Şirkətin rəqabət qabilliyəti hansı səviyyədədir və xidmətlərinizə olan təlabat səviyyəsi hansı yerdədir?
- Şirkətin rəqabət səviyyəsinə haqqında onu düşünürəm ki, strategiyamızla və öz baxışlarımızla hərəkət edən başqa bir təşkilat yoxdur. Çünki bizim öz dəsti-xəttimiz mövcuddur. Öz hədəflərimiz və istəklərimiz var və biz buna uyğun olaraq hərəkət və inkişaf edirik. Məqsədimiz yeni tanışlıqlar, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin qurulması və inkişafıdır. Əlaqələr və “networking” hər bir iş adamına lazımdır. Sadəcə bəzi insanlar bunu anlayaraq "Networking Azerbaijan" və bənzər bu kimi təşkilatlara açıq olurlar. Kommunikasiya hər bir insana lazım olduğu üçün bunun əhəmiyyətini anlayanlar və anlamayanlar olaraq bölünürlər. Bizim şirkətə olunan təlabata gəldikdə isə yüksək səviyyədə olduğunu vurğulamalıyam.
- Sahibkar kimi əsasən üzləşdiyiniz problemlər nədir? Bu və digər problemlərin həlli istiqamətində nə kimi təklif irəli sürürsünüz?
- Bir çox sahibkarların özünü təqdimetmə bilməmə problemi var. Digər problemlərdən biri kommunikasiya problemidir. İlkin olaraq, mövzuya necə daxil olmağı, yeni söhbət açmağı, həmçinin kommunikasiyanın qurulub daha sonra necə davam etdirilə biləcəyini çox zaman bilmirlər. Sahibkarlara təklifim odur ki, müxtəlif təlimlərə qoşularaq, kommunikasiya bacarıqlarını inkişaf etdirməlidirlər. Bu zaman çox kitab oxumaq köməyimizə yetişir. Nitq qabiliyyəti və natiqliq bacarıqlarını müxtəlif kurslara gedərək inkişaf etdirə bilərlər. Daha sonra tədbirlərdə iş adamları ilə yeni əlaqələr qurmalıdırlar.
- Şirkətinizin 2022-ci ilin yekun hesabatlarında nə kimi yeniliklər və irəliləyişləri olub?
- Şirkət olaraq əlaqələrimizi həm dərinləşdirmişik, həm də genişləndirmişik. Bu, həyat təcrübəmizdə də bizim köməyimizə gəlir ki, bir insanı həm tanıyasan, həm də dərindən onun nə istədiyinə bələd olasan. Yaxından tanışlıq ona görə lazımdır ki, hər hansı bir iş öz həllini tapsın və bu zaman işin keyfiyyəti olsun. Bu dövr ərzində datamız genişləndiyinə görə daha çox iş adamlarını yaxından tanımağa nail olmuşuq. Eyni zamanda, 2022-ci ildə bizim uğurlu qruplarımız, layihələrimiz olub. Biz Koreyadan, Qazaxıstandan və xüsusilə də Rusiyadan bir neçə qrup iş adamını Azərbaycana dəvət etmişik. Həmin iş adamları üçün “B2B” görüşləri təşkil etmişik. Bununla da ölkəmizin həm iqtisadiyyatına, həm də biznes turizimin inkişafına töhvə vermiş olduq.
"Networking Azerbaijan" müştəri artırmaq prinsipi ilə yaşamır. Daha çox çevrəni genişləndirərək, datanı artırmağa çalışır. Son 6 ay ərzində təxminən 30% datamız artıb. Datamız bizə yeni imkanlar yaradır. Biz datamızı xarici şirkətlərə təqdim edirik və ehtiyac olduqda da datadan istifadə edərək xarici şirkətlər üçün burada görüşlər təyin edirik. Ətrafımızda daha çox iş adamlarının olması şirkətlərin satışlarına müsbət təsir edir.
Zəminə Hüseyn
Fins.az