BİZNES

13 İyun

Sahibkarların problemlərinin həlli ilə bağlı memorandum imzalanacaq

Azərbaycan Banklar Assosiasiyası (ABA) İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə sahibkarların problemlərinin həlli ilə bağlı memorandum imzalayacaq.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev jurnalistlərə açıqlamasında deyib.

"Biz razılığa gəldik ki, memorandum imzalayaq və bu sənəd çərçivəsində sahibkarlardan hansı suallar olacaqsa yaradacağımız işçi qrupları anında reaksiya versinlər. Bildiyiniz kimi, Azərbaycan Mərkəzi Bankında da istehlakçıların hüquqlarının qorunması üzrə, sahibkarların və istehlakçıların problemlərinin həll edilməsi üçün müvafiq şöbə yaradılıb"- ABA sədri əlavə edib.

Z. Nuriyev həmçinin ölkədə BOKT-larla bağlı problemlərə də toxunub. Bildirib ki, BOKT-ın banklar vasitəsilə maliyyə resurslarına çıxışının təmin edilməsi üçün tərəflər arasında müzakirələr aparılmalıdır.

“Kredit verilməsi biznes məsələsidir. Banklar üçün BOKT-lar da müştəridir. Ona görə də banklarla BOKT-lar bazar qaydaları çərçivəsində müzakirələr aparmalıdır” - ABA sədri qeyd edib.

O həmçinin əlavə edib ki, BOKT-lar haqqında qanuna edilməsi gözlənilən əlavə və dəyişikliklər onların fəaliyyətinin genişləndirməsinə imkan verəcək.