Ödəniş sistemlərində transformasiya prosesi nağd dövriyyədən nağdsız dövriyyəyə keçidi stimullaşdırıb. Artıq bazarda fiziki ödəniş kartları rəqəmsal kartlarla, token əməliyyatları ilə, "Apple Pay" və "Google Pay" ödənişləriylə əvəz olunur.
Fins.az-ın məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq maliyyə sərgisi "Fintex Samit"də çıxışı zamanı Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, Azərbaycanda döviyyədə olan ödəniş kartlarının sayı bu il mayın 1-nə 18% artaraq 14,5 milyon ədədə çatıb: "Nəticədə nağdsız ödənişlərin həcmi 2,2 dəfə artaraq 12,2 milyard manata çatıb. Kart əməliyyatlarında nağdsız dövriyyə isə ötən ilin eyni dövründə 2-3% təşkil edirdisə, bu il 11,8%-ə çatıb, yekun nəticədə 52% təşkil edib.
Bu da o deməkdir ki, gündəlik nağdsız əməliyyatlar artır. Ödəniş kartlarının 10,5 milyon ədədi təmassız ödənişləri dəstəkləyir. Ötən dövr ərzində təmassız ödənişlərin sayı 2,3 dəfə, həcmi 92% artıb.
Bu sayədə "Apple Pay" üzərindən ödənişlər 11 milyon əməliyyat üzrə 327 milyon manat, "Google Pay" ödənişləri isə 107 milyon manata çatıb".
Göstəricilərin dinamik artımı bunu göstərir ki, Azərbaycanda hazırda maliyyə və ödəniş ekosistemi yeni transformasiya fazasına daxil olub"-Fərid Osmanov əlavə edib.