BİZNES

12 İyun

“Azərbaycan Françayzinq Assosiasiyası”ndan Azərbaycana növbəti investisiya cəlb olunub - FOTO

“Azərbaycan Françayzinq Assosiasiyası”nın (AFA) üzvü “Akıncılar Taktik Tekstil Sənaye və Ticarət Limited” şirkəti ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Bu barədə Fins.az-a AFA-nın rəhbəri Camid Mövsümov məlumat verərək bildirib ki, memoranduma əsasən, “Akıncılar Taktik Tekstil Sənaye və Ticarət Limited” şirkəti Azərbaycanda istehsalat müəssisəsi quracaq və bu müəssisədə müdafiə sənayesinə uyğun məhsulların istehsalı ilə məşğul olacaq.

C.Mövsümov vurğulayıb ki, Azərbaycana bu tip investisiyaların cəlbi prosesi davam edəcək və növbəti mərhələdə Türkiyənin avadanlıq istehsalçısı “Maksivak” şirkətinin ölkədə istehsal müəssisəsinin qurulmasıyla bağlı işlərin icrasına başlayacaq.

Türkiyə mətbuatında yayımlanan xəbərə görə, İzmirdə texniki tekstil sahəsində istehsalatla məşğul olan “Akıncılar Taktik Tekstil Sənaye və Ticarət Limited” şirkətinin İdarə Heyətinin sədri Əhməd Can Uzuntepe ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Elmi Tədqiqat İnstitutunun prezidenti Mürsəl Əliyev tərəfindən imzalanan memorandum çərçivəsində Azərbaycanda ortaq istehsal müəssisəsi və sınaq laboratoriyası yaradılacaq.

İzmirdə yerli imkanlarla ballistik jiletlər, ballistik dəbilqələr, gülləkeçirməz geyilə bilən texnologiyalar, hərbi hücum jiletləri, xüsusi əməliyyat geyimləri, taktiki və açıq geyimlər istehsal edən şirkət, Bakıda qurulacaq fabrikdə innovativ tekstil işlərinin bir qismini həyata keçirəcək.

Ortaq istehsal müəssisəsində istehsal olunacaq gülləkeçirməz polad jiletlər, dəbilqələr və hərbi materialların digər ölkələrə satılması hədəflənir.

Şirkətinin İdarə Heyətinin sədri Ə.Uzuntepe bildirib ki, istehsal ediləcək ballistik və taktiki tekstil məhsulları 3 il ərzində qardaş ölkəmiz Azərbaycanda 100% yerli istehsal statusuna çatacaq:

“Əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Azərbaycanda gülləkeçirməz hərbi texnika istehsal olunacaq. Yaradılan innovasiya mərkəzində “Akıncılar Taktik Tekstil Sənaye və Ticarət Limited” şirkətinin mühəndisləri və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun mühəndisləri birgə texnologiya istehsalı sahəsində çalışacaqlar. Ölkəmizdə həyata keçirdiyimiz innovativ tekstil işlərinin bir qismini qardaş ölkəmiz Azərbaycanla imzaladığımız protokol çərçivəsində Bakı şəhərində gerçəkləşdirəcəyik. Bunun sayəsində Türk coğrafyalarında Türk markaları daha aktiv rol alacaq”.

Fuad Mədətov
Fins.az