Azərbaycan mülki aviasiyasının 85 illiyi və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AZAL və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi ilə birgə şəhid övladları üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya təşkil edib.
Fins.az xəbər verir ki, tədbir uşaqlara maraqlı təcrübə qazanmağa və aviasiya haqqında biliklərini genişləndirməyə kömək etmək məqsədi daşıyıb.
Aviasiya texnikası və hava limanının strukturu ilə daxildən tanış olan ekskursiya iştirakçılarına hava limanı xidmətlərinin fəaliyyəti və sərnişinlərə xidmət haqqında məlumatlar verilib.
Tədbir iştirakçıları hava limanının müxtəlif obyektlərini, o cümlədən texniki xidmət anqarı, kinoloji və yanğından mühafizə xidmətlərini ziyarət ediblər. Onlar, həmçinin “Boeing 787 Dreamliner” təyyarəsinə miniblər. Burada gənc qonaqlar AZAL-ın pilot və təyyarə bələdçiləri ilə söhbət ediblər. Beləliklə, iştirakçılar həm aviasiya haqqında məlumatlanıb, həm də özlərini böyük və maraqlı dünyanın bir hissəsi kimi hiss edə biliblər.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.