BİZNES

31 May

Bakı şəhəri qlobal startap ekosistemi reytinqində 31 pillə irəliləyib

Dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan “StartupBlink” təşkilatı tərəfindən Qlobal startap ekosistemi indeksinin 2023-cü il üzrə hesabatının təqdimat konfransı keçirilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Fins.az-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycanda bu sahədə həyata keçirilən yeniliklər də qeyd olunub.

Hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən illə müqayisədə Azərbaycan reytinqdə 1 pillə, Bakı isə şəhərlərarası reytinqdə 31 pillə irəliləyib.

Reytinq hesablanarkən şəhərlərdə innovasiya mərkəzlərinin, investorların, qeydə alınmış startapların və akselerasiya proqramlarının sayı, o cümlədən startaplar üçün yaradılmış infrastruktur və onlardan istifadə, güzəşt mexanizmləri, universitetlərdə innovasiya tədbirləri, startap bazar həcmi, tədqiqat və araşdırma işləri kimi meyarlar nəzərə alınır.

Dövlət Agentliyi 2022-ci ildən etibarən "StartupBlink" təşkilatının ölkə üzrə əsas partnyorudur.

Ölkəmizin beynəlxalq reytinqlərdə daha da irəliləməsi üçün yerli innovasiya ekosisteminə dair yeniliklər, reallaşan layihələr və dəstək tədbirləri ilə bağlı məlumatların beynəlxalq arenada paylaşılması istiqamətində işlər davam etdirilir.