2022-ci ildə büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətindən əldə etdikləri gəlirlərdən formalaşan büdcədənkənar vəsaitlər üzrə xərcləri (büdcədənkənar xərclər) təsdiq edilmiş smetanın 90,4%-ni təşkil edərək 753,7 mln. manat məbləğində icra edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 147,7 mln. manat və yaxud 24,4% çoxdur.
Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, 2022-ci ildə icra edilmiş büdcədənkənar xərclərdə ən yüksək xüsusi çəkiyə 40,6%(306.2 milyon manat) “Qeyri-maliyyə aktivləri” bölməsi sahib olub. Ötən ilə qədər büdcədənkənar xərclərin ən böyük hissəsi əməyin ödənişi xərclərinə yönəldilirdi. Belə ki, 2021-ci ildə əməyin ödənişi xərcləri büdcədənkənar xərclərin 58,4%-ni təşkil edirdisə, 2022-ci ildə bu göstərici ( 305,2 milyon manat) 40,5% -ə bərabər olub.