BİZNES

24 May

Ötən il dövlət satınalmalarına cəlb edilmiş vəsaitin məbləği artıb

2022-ci ildə dövlət satınalmalarına cəlb edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə artsa da, say baxımından cüzi azalıb.

Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

2022-ci ildə ölkə üzrə ümumilikdə 12102 sayda satınalma tətbiq edilməklə 6779,2 mln. manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılmışdır ki, bu da 2021-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 767,5 mln. manat və ya 12,8% çox, say baxımından 27 və ya 0,2% azdır.

Hesabat ilində ÜDM-in, həmçinin dövlət büdcəsinin xərclərinin artımı fonunda, satınalmaya cəlb edilmiş vəsaitin həcmində artma müşahidə edilmişdir ki, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 1,5 faiz bəndi, xərclərə nisbəti isə 0,8 faiz bəndi azalmaqla müvafiq olaraq 5,0% və 21,1% bəndi təşkil etmişdir. Bu göstəricilər son illərdə ən aşağı göstərici olmuşdur. Qeyd edək ki, 1-ci nisbətin azalması neftin qiymətinin yüksək olması səbəbindən ÜDM-in yüksək məbləğlə ifadə edilməsi ilə əlaqələndirilə bilsə də, digər göstəricidə olan azalma suallar yaradır. Belə ki, əksər ölkələrdə dövlət satınalmaları dövlət büdcəsinin 30%-42%-i həcmindədir. Aparılmış nəzarət tədbirləri göstərir ki, bəzi xərclərin satınalma keçirilmədən aparılması, xərc əməliyyatlarının xəzinə müşayiəti ilə aparılmaması və bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı qeydiyyatın-uçotun tam olmaması dövlət satınalmalarının dövlət büdcə xərclərində xüsusi çəkisinə təsiri olub.