BİZNES

24 May

Caspian Energy Club-un nümayəndə heyəti “Özbəkistanın neft və qazı - OGU 2023” sərgisini ziyarət edib - FOTO

Caspian Energy Club-un nümayəndə heyəti Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Özbəkistanın neft və qazı - OGU 2023” 25-ci yubiley beynəlxalq sərgi və konfransını ziyarət edib. Bunu Caspian Energy Uzbekistan şirkətinin İdarə heyətinin sədri Tehran Əliyev bildirib.

Fins.az xəbər verir ki, “Özbəkistanın neft və qazı - OGU 2023” sərgisinin təşkilatçısı Iteca Exhibitions şirkətidir. Tehran Əliyevin sözlərinə görə,  qırx iştirakçıdan ibarət olan Caspian Energy Club-ın nümayəndə heyətinin üzvləri ilə sərgidə təmsil olunan şirkətlər arasında keçirilən çoxsaylı görüşlər nəticəsində ikitərəfli ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, istehsal sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi və üçüncü ölkə bazarlarına çıxış məsələləri üzrə səmərəli nəticələr əldə edilib.

Tehran Əliyevin qeyd etdiyi kimi, nümayəndə heyəti həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) stendini ziyarət edib və şirkət rəhbərliyi tərəfindən böyük mehribanlıq və məmnuniyyətlə qarşılanıb. SOCAR nümayəndələri dövlət şirkətinin Mərkəzi Asiyada planlaşdırılan fəaliyyəti barədə, eləcə də şirkətin həyata keçirdiyi layihə və perspektivli proqramlar haqqında məlumat veriblər. “Caspian Energy Club-a üzv olan bəzi şirkətlər ikitərəfli imkan və layihələri müzakirə etmək üçün görüşlər təyin ediblər. Ümid edirik ki, keçirilən görüşlərin nəticələri müsbət olacaq və ikitərəfli iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası uzun müddət qorunub saxlanılacaq”, - deyə Tehran Əliyev bildirib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.