BİZNES

23 May

Əsas kapitala yönəldilmiş investisiyaların artımı tamamilə dövlət sektoru hesabına formalaşıb

2022-ci ildə əsas kapitala investisiya qoyuluşları 18272,3 mln. manata bərabər olmaqla, əvvəlki ilə nisbətən real ifadədə 5,5% artıb.

Fins.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Qeyd edilib ki, artım tamamilə qeyri-neft sektoruna yönəldilmiş vəsaitlər nəticəsində mümkün olub. Maliyyələşmə mənbələrinə gəldikdə isə daxili mənbələrdən yönəldilmiş investisiyaların 17,2% artımı xarici mənbələr hesabına azalmanı kompensasiya etmiş və cəmi investisiya artımına töhfə verən mənbə olub.

Əsas kapitala investisiyaların mülkiyyət növləri üzrə bölgüsünün təhlili 2021-ci illə müqayisədə artımın yalnız dövlət sektorunda müşahidə olunduğunu deməyə əsas verir. Belə ki, dövlət vəsaitləri hesabına 2022-ci ildə əsas kapitala təxminən 9264,1 mln. manat vəsait yönəldilmiş, bu, əvvəlki ilə nisbətən 20,6% çox olmuşdur. Əsas kapitala yönəldilmiş dövlət vəsaitlərində ikirəqəmli artımın izlənməsi cəmi investisiyalarda dövlətin payının 50,7%-ə yüksəlməsi ilə nəticələnib. Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən, dövlət vəsaiti hesabına investisiyaların 64,2%-i və ya 5945,8 mln. manatı dövlət əsaslı vəsait qoyuluşundan (işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən investisiya xərcləri də daxil olmaqla) ibarət olmaqla, dövlət büdcəsi hesabına təmin edilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 26,9% çoxdur.