BİZNES

22 May

KOB-ların satış imkanlarının genişləndiriməsinə dövlət dəstəyi davam edir

Məhsul və xidmətlərin geniş auditoriyaya tanıdılması, işgüzar əlaqələrin genişləndirilməsi və satış imkanlarının artırılmasına dəstək məqsədilə KOB-lar üçün yerli şirkətlərin tanıtım sərgisində də ödənişsiz yerlər ayrılıb.

Fins.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı 8-10 iyun tarixlərində “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunacaq. 

150-dən çox şirkətin qatılacağı sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılmasına dəstək, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. 

Sərgidə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend də qurulacaq. Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar 27 may 2023-cü il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Yerli şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilər: //bit.ly/44G0Wiq