BİZNES

22 May

“Azərxalça” ASC-nin öhdəlikləri 2,4 dəfə artıb

“Azərxalça” ASC 2022-ci ili 3,368 milyon manat zərərlə başa vurub.

Fins.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 5,25% çoxdur.

Bununla da, şirkətin yığılmış zərəri 19,8% artaraq 20,406 milyon manata çatıb.

Ötən il “Azərxalça”nın satışdan gəlirləri 1,551 milyon manat (əvvəlki ilə nisbətən 3,5% az), satışının maya dəyəri 904 min manat (26,6% az), sair gəlirləri 203 min manat (50,7% az), inzibati və əməliyyat xərcləri 4,97 milyon manat (18,8% çox), faiz gəlirləri isə 752 min (4,1 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərxalça”nın aktivləri 90,808 milyon manat olub ki, bu da illik müqayisədə 11,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4 dəfə artaraq 916 min manata çatıb, balans kapitalı isə 12,2% azalaraq 89,892 milyon manata düşüb.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.