BİZNES

11 May

Heydər Əliyevin uzaqgörən neft strategiyasının uğurlu icrası davamlı inkişafın təməlini qoydu – Mikayıl Cabbarov

Ümumilli lider Heydər Əliyev özünün geniş iqtisadi bilik və təcrübəsinə əsasən Azərbaycanın iqtisadi inkişaf yolunu müəyyən edib.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda BMT-nin İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda tədbirdə deyib.

M.Cabbarov qeyd edib ki, Heydər Əliyevin strateji qərarları sayəsində Azərbaycanda davamlı inkişaf edən iqtisadiyyat formalaşıb:

“Müasir müstəqil Azərbaycan dövlətinin memarı və banisi Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin qorunması və ölkənin siyasi tarixində yeni mərhələnin açılması olub. Xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi Heydər Əliyev Azərbaycan tarixində ən mühüm yer tutan böyük şəxsiyyətlərdən biridir. Hamımız müasir Azərbaycan dövlətinin formalaşmasında, ölkəmizin sosial-iqtisadi inkişafında onun misilsiz xidmətlərini dərin minnətdarlıqla qeyd edirik”.

İqtisadiyyat naziri onu da vurğulayıb ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunandan ölkəmizin tərəqqi və çiçəklənmə yolu başlayıb:

“1969-1982-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf edərək Sovet İttifaqının aparıcı respublikalarından birinə çevrilib. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır siyasi və iqtisadi problemlər, Ermənistanın hərbi təcavüzü formalaşmış vəziyyəti daha da mürəkkəbləşdirdi. Məhz ölkəni həmin dövrdə bəlalardan xilas edən Heydər Əliyevin liderlik məharəti, onun strateji qərarları sayəsində Azərbaycanda güclü və müstəqil dövlət, səmərəli, davamlı inkişaf edən iqtisadiyyat və firavan, azad cəmiyyət formalaşdı. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatının prinsipləri - fərdi mülkiyyət, azad sahibkarlıq, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yenilənməsi prioritet olaraq seçilib. "Əsrin Müqaviləsi"nin imzalanması isə Azərbaycan iqtisadiyyatında köklü dönüş yaratdı. Uzaqgörən neft strategiyasının uğurlu icrası ölkəmizin gələcək davamlı inkişafının təməlini qoydu”.

Fuad Mədətov
Fins.az