BİZNES

11 May

Kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski mülkiyyətçinin vəsaiti hesabına sığortalanacaq

Kosmik obyektin üçüncü şəxslərə zərərvurma riskinin sığorta və ya digər maliyyə təminatının məbləği “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilə əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilir.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtləri kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Kosmik operatorlar və kosmik obyektlərin mülkiyyətçiləri kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtlərinə əməl etməlidirlər.

Tərəflər arasında ayrı razılaşma nəzərdə tutulmayıbsa, kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski (üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası) kosmik obyektin mülkiyyətçisinin vəsaiti hesabına sığortalanır və ya sığorta əvəzinə maliyyə təminatı əldə olunur.