BİZNES

11 May

Özbəkistanda "Caspian Energy Investment Forum Tashkent 2023" keçiriləcək

Mayın 17-də Caspian Energy Club və Caspian Energy Uzbekistanın birgə təşkilatçılığı ilə beynəlxalq Caspian Energy Investment Forum Tashkent 2023 tədbiri keçiriləcək.

Fins.az xəbər verir ki, Forum Caspian Energy Club tərəfindən 20 ölkədə keçirilməsi planlaşdırılan və Azərbaycanın Ümümilli Lider Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir. Bu barədə Caspian Energy Uzbekistanın İdarə heyətinin sədri Tehran Əliyev bildirib.

Xatırladaq ki, bu tədbirə həsr olunmuş ilk üç forum fevralın 28-də Tbilisidə, martın 22-də Praqada və aprelin 30-da İstanbulda təşkil olunmuşdur. Foruma rəsmi dəstək Özbəkistan Respublikasının  Azərbaycan  Respublikasındakı Səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO - tərəfindən göstəriləcək.

Tehran Əliyevin sözlərinə görə təşkil olunacaq beynəlxalq Caspian Energy Investment Forum Taskent 2023-ün əsas mövzuları Özbəkistanın investisiya potensialı (logistika, azad iqtisadi zonalar), kənd təsərrüfatı, sənaye, yaşıl enerji tranziti, enerji təhlükəsizliyi, orta dəhlizin inkişafı, ixrac və idxal imkanları, rəqəmsal iqtisadiyyat, Yeni Daşkənd layihəsinin perspektivləri, eləcə də Avropa İttifaqı ilə türkdilli ölkələrin biznes nümayəndələri arasında əməkdaşlıq olacaqdır.

Forumda Özbəkistanda dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların rəhbərləri və nümayəndələri, həmçinin Xəzər, Qara dəniz və Baltikyanı region ölkələrindən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak edəcəklər.

"Məqsədimiz ikitərəfli iqtisadi əlaqələrin inkişafı, beynəlxalq səviyyədə biznes networking-in yaradılması, xarici sahibkarlar və investorlar üçün yaradılan imkanların işıqlandırılmasıdır", - deyə Tehran Əliyeb qeyd edib.

Tədbir çərçivəsində forum iştirakçılarının “Özbəkistanın neft və qazı - OGU 2023” 25-ci yubiley beynəlxalq sərgi və konfransına baş çəkmələri, həmçinin “TEXNOPARK” MMC, İT Park və s. bu kimi müəssisələrdə işgüzar görüşlərin keçirməsi planlaşdırılır.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.