BİZNES

25 Aprel

Azərbaycan kiçik və orta biznes subyektlərinin sayı açıqlanıb

Bu gün "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.

Fins.az xəbər verir ki, konfransda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45% artaraq 356.000-nə yaxınlaşıb.

Onun sözlərinə görə, bu dövr ərzində KOB-ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3%-dən 59,8%-ə yüksəlmişdir.

"Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə qarşılıqlı əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə müəyyən edirik.

Bu məqsədlə, həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi görüşlər və dəyirmi masalar təşkil olunur. Əldə olunan məlumatlar və aparılmış təhlillər əsasında ötən dövrdə biznes subyektləri və sahibkarlığa başlamaq istəyən şəxslər üçün bir sıra dəstək mexanizmləri yaradılmış və istifadəyə verilmişdir. Belə ki, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli mexanizmlərdir".

O.Məmmədov qeyd edib ki, Azərbaycanın 3 fərqli bölgəsində fəaliyyət göstərən KOB Evlərimiz "one-stop shop" formatında "G2B" və "B2B" xidmətlər göstərməkdədir:

"2023-cü ilin yanvar ayında möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə geniş funksional və texniki imkanlara malik Bakı KOB Evinin açılışı oldu. Bu ölkə rəhbərliyinin sahibkarlığın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.. Hazırda ölkənin 39 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir.

Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda KOB İnkişaf Mərkəzləri istifadəyə verilmişdir. Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir.

Ötən ilin sonlarında KOB sektoru ilə bağlı iki mühüm hüququ sənəd də qəbul olunmuşdur. Bunlar "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun və "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi əsasnamə"dir. Artıq bir sıra vergi güzəştlərinin şamil olunduğu KOB klaster şirkətlərinin yaradılması istiqamətində əməli işlərə başlanılmışdır", - KOBİA sədri bildirib.