BİZNES

20 Aprel

Şahin Bağırov Caspian Energy Club-ın təşkil etdiyi B2G forumunda iştirak edib - FOTO

Caspian Energy Club Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə birgə B2G forumu təşkil edib. Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Fins.az xəbər verir ki, B2G forumda neft və qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin 120-dən çox top meneceri iştirak edib. Forumunun fəxri qonağı qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov iştirak edib.

Tədbirdə çıxışı zamanı Şahin Bağırov gömrük işi sahəsində sahibkarlıq subyektlərinə əlçatan gömrük alətləri, rasional gömrük prosedurları, sahibkar məmnunluğunu təmin edən vasitələr, bu istiqamətdə həyata keçirilən proqramlar barədə məlumat verib, gömrük-biznes əməkdaşlığının, qarşılıqlı etimadın  daha da gücləndirilməsi, fəaliyyətin könüllü riayət prinsipi əsasında qurulması ilə bağlı fikirlərini forum iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Şahin Bağırov B2G forumun iştirakçılarının bütün problem və təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

Telman Əliyev Şahin Bağırova klubun fəxri üzvü sertifikatını təqdim edərək, dövlət qurumu ilə Caspian Energy Club arasındaki açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaratdığı imkana görə öz dərin təşəkkürünü bildirib.

B2G forumun sonunda Şahin Bağırov Caspian Energy Club-a yeni üzv olan şirkətlərin top-menecerlərinə sertifikatlar təqdim edib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.