BİZNES

19 Aprel

Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizindən gəlirləri 36%-dək artıb

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 778 348,3 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 35,6% çoxdur.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2021-ci ildə sözügedən göstərici 573 797,6 min manat olub.

Məlumata görə, hesabat dövründə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 734 912,5 min manat, sərnişin daşınmasından isə 43 435,8 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 36,1% və 27,9% çoxdur.

Qeyd edək ki, 2022-ci ildə Avropa-Qafqaz-Asiyadəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 420,6 min ton təşkil edib, bu da illik müqayisədə 29,8% çoxdur. Yüklərin 27 966,8 min tonu və ya 54,4%-i avtomobil nəqliyyatı, 16 841,2 min tonu və ya 32,7%-i dəmir yolu nəqliyyatı, 6 612,6 min tonu və ya 12,9%-i dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5%-i və ya 13 634,6 min tonunu tranzit yüklər təşkil edib.