Sənəd hər iki ölkənin sahibkarları arasında ticarət və investisiya əməkdaşlığının təşviqini, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsini və əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.
KOBİA-dan Fins.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində aprelin 5-də Düşənbə şəhərində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Tacikistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Tacikistanın Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Cəmşid Cumanxonzoda imzalayıblar.
Memorandumda hər iki ölkənin sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektləri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur.