Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
Fins.az xəbər verir ki, SİMA yeni nəsil rəqəmsal imzanın ilk ödəniş sistemi tərəfdaşı “EPUL” onlayn ödəmə sistemi olub. Artıq “EPUL” mobil tətbiqində və epul.az veb-saytında qeydiyyatı tamamlayan vətəndaşlar SİMA ilə identifikasiyadan keçərək bir sıra məhdudiyyətlərdən azad olacaqlar.
SİMA ilə şəxsiyyətini təsdiqləyən vətəndaşlar identifikasiyadan keçməyən istifadəçilərdən fərqli olaraq limitsiz pulköçürmələri, limitsiz balans artımı edəcək, həmçinin banklar, mağazalar, ödəniş sistemləri və digər bütün kateqoriyalar üzrə sürətli ödəniş həyata keçirə biləcəklər. Eyni zamanda pul kisəsi hesabından Azərbaycanın bütün bank kartlarına köçürmələr də mümkündür.
SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.