Mərkəzi Bank tərəfindən Maliyyə sisteminin mühüm sahəsi kimi qiymətli kağızlar bazarının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu sahədə mütərəqqi hüquqi, təşkilati tədbirlər həyata keçirilmiş, zəruri normativ hüquqi baza və tənzimləmə mexanizmləri yaradılıb.
Fins.az xəbər verir ki, martın 31-də Bakı Fond Birjası (BFB), Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və maliyyə texnologiyaları sahəsində qabaqcıl korporasiyalardan biri olan Montran şirkəti tərəfindən yaradılan Qiymətli Kağızlar üzrə Ticarət Sistemi (BETP) və Mərkəzi Depozitar platforması (CEDAR) uğurla istifadəyə verilib.
Yeni yaradılan sistemlər qiymətli kağızlarla həyata keçirilən bizness proseseləri səmərəli şəkildə idarə etməyə imkan verir. Bu sistemlər ən yaxşı təcrübələrə və ISO 20022 standartlarına uyğun olaraq qurulub.
Bakı Fond Birjası tərəfindən istismara verilən BETP Ticarət Sistemi, Milli Depozit Mərkəzinin CEDAR adlı Mərkəzi Depozitar Sistemi Azərbaycanın Kapital Bazarı İnfrastrukturunun təkmilləşdirilməsində və ölkənin qiymətli kağızlar bazarının dayanıqlı şəkildə inkişaf etdirilməsində mühüm rol oynayacaqdır. BFB-nin BETP Ticarət Sistemi vasitəsilə qiymətli kağızlar real vaxt rejimində alqı-satqısına və repo əməliyyatlarının həyata keçirilməsinə imkan verir.
Qeyd edək ki, “Bakı Fond Birjası” QSC Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjasıdır. Bakı Fond Birjasının əsas missiyası maliyyə vəsaitlərinin yerli emitentlər tərəfindən cəlb olunması üçün vasitələrin geniş spektrinin təmin olunması vasitəsilə Azərbaycan Respublikasının iqtisadi artımına yardım, maliyyə sistemində satış qabiliyyətinin təkrar paylanması üçün platformanın təmin olunması, yerli və əcnəbi investorlar üçün şəffaf investisiya mühitinin təqdim olunmasıdır.