BİZNES

03 Aprel

Çexiyada 13-cü beynəlxalq CASPIAN ENERGY INVESTMENT FORUM PRAGUE 2023 keçirilib - FOTO

Çex Respublikasının paytaxtı Praqada Caspian Energy Club və Caspian Energy Czechia-nın birgə təşkilatçılığı ilə 13-cü beynəlxalq CASPIAN ENERGY INVESTMENT FORUM PRAGUE 2023 keçirilmişdir. Tədbirə rəsmi dəstək Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Çex Respublikasındakı Səfirlikləri, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi, AZPROMO və KOBİA təşkilatları tərəfindən göstərilmişdir. CASPIAN ENERGY INVESTMENT FORUM PRAGUE 2023-ün platinum sponsoru "Financial Chain Corporation" (FCHAIN) şirkəti, bürünc sponsoru isə "Energazer" şirkəti olmuşdur.

Fins.az xəbər verir ki, bu barədə Caspian Energy Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov məlumat verib.

Zaur Qədirovun sözlərinə görə forumun əsas məqsədi Caspian Energy Club üzvlərinin, Azərbaycan və digər ölkələrin şirkət və təşkilatların Çexiyada, eyni zamanda Azərbaycana və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrə sərmayə yatırmaq istəyən çex şirkətləri üçün imkanların və iki ölkə arasında ticarət dövriyyəsinin artması üçün görüləcək addımların araşdırması oldu.

Caspian Energy Club-ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev salamlama nitqi ilə çıxış edib: “Bu il Azərbaycanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, hələ 1994-cü ildə neftin, gələcəkdə isə Azərbaycanın Xəzər şelfində qazın çıxarılması və Avropa ölkələrinə tədarük edilməsi üçün “Əsrin müqaviləsi”nin imzalanmasının təşəbbüskarı olan böyük bir siyasətçi və strateq idi. Bu, Avropanın enerji təhlükəsizliyinin, eləcə də Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında tərəfdaşlıq və əməkdaşlıq ənənəsinin əsasını qoyan ilk və əsas addım oldu.

Həmçinin bu il biz Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlərin 30 illik yubileyini qeyd edirik. Keçən 30 il müxtəlif hadisələrlə, maraqlı çağırışlarla, eləcə də ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə töhfə verən böyük hadisələrlə zəngin olub”.

13-cü beynəlxalq CASPIAN ENERGY INVESTMENT FORUM PRAGUE 2023-də dövlət qurumlarının, həmçinin Çexiyada akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların 200-dən çox nümayəndəsi, o cümlədən Xəzər-Qara dəniz regionu ölkələrinin dövlət və özəl şirkətlərinin top-menecerləri iştirak ediblər.

Birinci panel müzakirələri çərçivəsində Çexiyanın keçmiş Baş naziri Yan Fişer və Maliyyə və İdarəetmə Universitetinin (VŠFS) strategiya və beynəlxalq əlaqələr üzrə prorektoru Petr Budinskinin iştirakı ilə Çexiyanın inkişaf modeli müzakirə olunub. Sessiyaya "Financial Chain Corporation" şirkətinin Çexiya üzrə regional meneceri Teymur Axundov moderatorluq edib.

Avropa ölkələri ilə türkdilli ölkələrin işgüzar dairələri arasında əməkdaşlıq mövzusuna həsr olunmuş ikinci sessiyada Azərbaycan Respublikası Energetika nazirinin müşaviri Vüsal Rəcəbli, Çexiyanın Sənaye və Ticarət Nazirliyinin yanında Şərqi Avropa, Qərb ölkələri və Mərkəzi Asiya üzrə departamentin rəhbəri Vatslav Lidl və “Energazer” şirkətinin direktoru Süleyman Məcidli iştirak ediblər.

Üçüncü sessiya regionda aparılan iqtisadi islahatların müsbət təsirinə və yeni investisiya imkanlarına həsr olunub. Üçüncü paneldə Xarici İnvestisiyalar Assosiasiyasının (Çexiya) sədri Kamil Blazek, Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi yanında Aİ və Xarici Ticarət Departamentinin müşaviri və baş direktor müavini vəzifəsini icra edən David Müller,  KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov və Good Life Sicav a.s. (Çexiya) şirkətinin Müşahidə Şurasının sədri cənab Françesko Aiesi iştirak etmişdir.

Forumda çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva bildirib ki, Azərbaycan və Çexiya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafında müsbət dinamika uzun illərdir müşahidə olunur. Qeyd olunub ki, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətdə 3 dəfə artaraq 990 mln. ABŞ dollarına yaxınlaşıb.

AZPROMO nümayəndəsi Azərbaycanın qeyri-neft sektorunun potensialı, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən sənaye parklarında investorlar üçün yaradılmış imkanlar və güzəştlər barədə məlumat verib. Çexiya şirkətləri işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər”, habelə bərpa olunan enerji və nəqliyyat sektorlarında reallaşdırılan müxtəlif layihələrdə iştirak etmək üçün dəvət olunublar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov KOBİA-nın fəaliyyət istiqamətləri barədə geniş məlumat vermiş, ölkəmizdə sahibkarlığın inkişafı və biznes mühitin yaxşılaşdırılması ilə bağlı görülmüş işləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Ölkəmizə xarici investisiyaların cəlb edilməsi üçün yaradılmış əlverişli imkanlar və prioritet sahələr barədə danışan Z.Qardaşov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində investisiya layihələrinin icrası ilə bağlı KOBİA tərəfindən müraciətlərin qəbul edildiyini qeyd edib.

Forumun sonunda Caspian Energy Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov spikerlərə 13-cü beynəlxalq CASPIAN ENERGY INVESTMENT FORUM PRAGUE 2023-ün təşkilində göstərdikləri dəstəyə görə təşəkkür sertifikatlarını təqdim edib.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.