Bakıda yaşıl enerjiyə keçidə həsr olunmuş üçüncü CASPIAN ENERGY MEETUP keçirilib. CASPIAN ENERGY MEETUP Caspian Energy Club və Caspian Energy International Media Group tərəfindən təşkil olunub.
Fins.az xəbər verir ki, dövlət strukturlarının və özəl şirkətlərin 200-dən çox nümayəndəsinin iştirak etdiyi üçüncü CASPIAN ENERGY MEETUP-ın sponsoru “Tezödə” layihəsi ilə “Azericard” olub. Bunu Caspian Energy Club sədri və qrupunun baş icraçı direktoru Telman Əliyev bildirib.
Panel müzakirəsinə Caspian Energy Turkiye-nin İdarə Heyətinin sədri və Energazer şirkətinin direktoru Süleyman Məcidli moderatorluq edib. Müzakirələrdə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) şöbə müdiri Rəna Hümbətova, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəlimov və SOCAR-ın “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktor müavini Rəşad Mustafayev iştirak ediblər.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova tərəfindən 2022-2023-cü illərdə Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən fəaliyyət və layihələrlə bağlı məlumat verilib.
Qeyd edilib ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 10 MVt-dək meqa layihələrə dair müqavilələr imzalanıb.
Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti keçən ilin 3 fevral tarixində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
Məlumat verilmişdir ki, 2022-ci ilin 15 dekabr tarixində Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını üçün Çərçivə Müqaviləsi imzalanıb.
4 iyun 2022-ci il tarixində Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Ötən il dekabrın 17-də Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı yaşıl enerjinin nəqli ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Sazişin önəminə toxunmuşdur. Layihə çərçivəsində Azərbaycanda istehsal olunan 4 QVt-dək yaşıl enerjinin Avropa ölkələrinə ixrac edilməsi üçün araşdırmaların aparılmasına başlanılıb.
Faiq Mütəlimovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər aidiyyəti qurumlarla birgə nəqliyyat sektorundan ətraf mühitə zərərli təsirlərin azaldılması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi istiqamətində birgə əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlıq nəticəsində ekoloji təmiz nəqliyyat vasitələrinə bir sıra vergi və gömrük güzəştləri tətbiq edilir.
Ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsidir.
Sualları cavablandıran Rəşad Mustafayev məlumat vermişdir ki, 2022-ci ildə CQD boru kəmərləri ilə Şahdəniz yatağından hasil olunan qaz ixracı 19.82 mlrd m3 təşkil etmişdir, 2023-cü və 2024-cü illərdə bu illik 21.3 mlrd m3 proqnozlaşdırılır. Ümumilikdə Şahdəniz yatağından 2022-ci ildə 25 mlrd m3 hasil edilmiş, 2023-24-cü illərdə isə müvafiq olaraq 25.3 və 26.2 mlrd m3 təbii qazın hasilatı proqnoz edilir.
Rəşad Mustafayev həmçinin bildirmişdir ki, Cənub Qaz Dəhlizi üzrə təbii qaz nəql edilməsi üçün qlobal iqlim çağırışları nəzərə alınmaqdadır.
Caspian Energy MeetUp tədbirinin sonunda dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələrinə Caspian Energy Club sertifikatlar təqdim olunub. Görüşdən sonra qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün networking təşkil edilib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.