BİZNES

30 Mart

Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

Azərkosmos və Kosmik Nəsil Məşvərət Şurasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan” (SG Azerbaijan) tədbiri keçiriləcək. “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusuna həsr olunmuş tədbir 27 aprel tarixində ADA Universitetində təşkil olunacaq.

Fins.az xəbər verir ki, dünyada hər il aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də Qızlar” günü kimi qeyd edilir. Bu il 27 aprel tarixinə təsadüf edən bu əlamətdar günün məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb etmək, onların bu sahədə rolunun artırılmasına dəstək verməkdir.

“SG Azerbaijan” tədbirinin də əsas məqsədi gənclərə kosmos sahəsində düzgün təhsil, peşə seçimində yol göstərmək və onları kosmos sahəsinin imkanları barədə maarifləndirməkdir. Xatırladaq ki, ölkəmizdə artıq peyklərimizin idarə olunmasında peyk mühəndisi, hüquqşünas, iqtisadçı, peyk əməliyyatları üzrə operator, peyk təsvirləri üzrə mütəxəssis kimi çalışan peşəkar qadınlar vardır.

“SG Azerbaijan” tədbirində Azərbaycanın bütün bölgələrindən tələbələrin, gənc mütəxəssis və alimlərin, kosmos həvəskarlarının bir araya gəlməsi nəzərdə tutulub. Tədbir çərçivəsində iştirakçılar kosmik elm və texnologiya sahəsinə dair sessiyalarda, panel müzakirələrdə, vebinarlarda, master-klaslarda və netvörkinqdə iştirak etmək imkanı əldə edəcəklər.

“SG Azerbaijan” tədbirinə aşağıdakı keçiddən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz:

//www.eventbrite.com/e/sg-azerbaijan-2023/Registration

“SG Azerbaijan” tədbiri haqqında ətraflı məlumat:

//spacegeneration.org/event/sg-azerbaijan-2023