Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ABŞ-da keçirilən beynəlxalq Su Konfransında iştirak edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında Su Konfransı çərçivəsində Azəbaycanın ev sahibliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının, ABŞ-ın nüfuzlu Arizona Dövlət Universitetinin təşkilatçılığı ilə "Azərbaycanda transformativ tədbirlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmağı sürətləndirmək üçün su sektorunda həyata keçirilən islahatlar, maraqlı tərəflərin iştirakı və innovasiyanın tətbiqi" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri də iştirak edib. BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib.
BMT rəsmiləri və mütəxəsislər Azərbaycanın bu beynəlxalq təşkilatın Su Konfransının nəticələrinə töhfə vermək üçün region ölkələrini bir platformada birləşdirən Regional Məlumat Mərkəzi kimi fəaliyyət göstərmək təşəbbüsünü yüksək qiymətləndiriblər.
Tədbirdə bir çox ölkələrin (Moldova, Özbəkistan, Qırğızıstan, Belarus, Türkmənistan, Türkiyə) Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri rəsmilərinin və su sahəsində ixtisaslaşmiş özəl şirkətlərin təmsilçilərinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı və Beynəlxalq Miqrasiya Təşkilatlarının nümayəndələrinin, ABŞ-ın Arizona Dövlət Universitetinin mütəxəsisslərinin DİM ilə bağlı çıxışları dinlənilib, fikir mübadiləsi və müzakirələr aparılıb.