Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin ilk 2 ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 20,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Bu barədə Fins.az-a ƏMDX-dən məlumat verilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ildə də dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir. Xidmət dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-fevral ayları ərzində 5 hərrac keçirib. Bu hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu ilin ilk 2 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 11 onlayn qoşulma reallaşıb. 2023-cü ilin yanvar-fevral ayları ərzində hərrac üsulu vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
2023-cü ilin yanvar-fevral ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 14,8 milyon manat təşkil edib.
Dövlət əmlakının icarəyə verilməsi sahəsində də bu ilin ilk 2 ayında yüksək nəticələr əldə edilib. Belə ki, bu dövrdə 439 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 134-ü qeyri-yaşayış, 305-i isə torpaq sahələrinə dair olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinə 5,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 20,7 milyon manat vəsait büdcəyə daxil olub.