Azərkosmos və Elm və Təhsil Nazirliyi tərəfindən birgə keçirilən “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinin növbəti – “Reallaşdırma” mərhələsinə start verilib.
Fins.az xəbər verir ki, 10 ali təhsil müəssisəsindən 15 komanda (76 tələbə) “Layihələndirmə” mərhələsini uğurla tamamlayaraq “Reallaşdırma” mərhələsinə vəsiqə qazanıb.
Komandalarda ADA Universiteti, Azərbaycan-Fransız Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universitetinin tələbələri iştirak edirlər.
“Reallaşdırma” mərhələsində komandalar hazırladıqları model peykin və onun hissələrinin görüntülərini, layihələndirmə mərhələsindən sonrakı dəyişiklikləri, keçirdikləri sınağın nəticələrini və tələb olunan digər texniki sənədləri 31 may 2023-cü il tarixinə qədər hesabat formasında //cansat.space.az/ veb-saytına yükləməlidir.
“Reallaşdırma” mərhələsi ekspert komissiyası tərəfindən veb-sayta yüklənən hesabat sənədləri və komandaların onlayn təqdimatı əsasında qiymətləndiriləcək.