''Hindistanın əczaçılıq sektorunun dünyada dominant mövqe tutmasına baxmayaraq, hazırda Hindistan Azərbaycanın ümumi dərman idxalında təxminən 4% paya malikdir və Hindistan 2022-ci ildə Azərbaycana 27,8 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Artıq Azərbaycanda Hindistanın 200-dən çox əczaçılıq məhsulu qeydiyyatdan keçirilib,bu da başqalarının bazara daxil olması və şaxələndirilməsi üçün yaxşı zəmin yaradır.''
Fins.az-ın məlumatına görə, bunu hazırda keçirilən Əczaçılıq üzrə Hindistan-Azərbaycan Biznes Tədbirində Hindistan səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar deyib.
''Düşünürəm ki, burada iştirak edən hamımız razılaşarıq ki, Hindistanın Azərbaycana əczaçılıq məhsullarının ixracı mütləq şəkildə öz potensialından aşağıdır və bu sektorda iki ölkə arasında əməkdaşlıq üçün real imkanları əks etdirmir. Bu gün burada olan bəzi qonaqlar Hindistanın əczaçılıq məhsullarının Azərbaycanda mövcud payının səbəblərini daha yaxşı izah edə bilər. Bu, bəzi digər rəqiblərin bazarda daha aqressiv olması ilə bağlı ola bilər. Bəzi şirkətlərimizin Azərbaycanda öz brendlərini və məhsullarını tanıtmaq və Azərbaycanın mühüm iştirakçı olduğu region üzrə strategiya hazırlamağı düşünmək vaxtıdır. Buna görə də, Hindistanın yüksək keyfiyyətli əczaçılıq məhsullarının daha geniş çeşiddə Azərbaycandakı istehlakçılara sərfəli qiymətə təqdim edilməsi və bu mühüm bazarda payımızı artırmaq üçün nə etməli olduğumuz barədə fikirlərinizi öyrənmək faydalı olacaq.'' - Vinay Kumar söyləyib.
V.Kumar əczaçılıq sektorunun iki ölkə arasında ümumi ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial vəd etdiyini vurğulayıb.
Qeyd edək ki, Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) 2004-cü ildə Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyi tərəfindən əczaçılıq sektorunda əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb və əczaçılıq məhsullarının ixracının təşviqində vasitəçi rolunu oynayır.
Fuad Mədətov
Fins.az