BİZNES

16 Mart

BFB-da \"Finca Azərbaycan\" QBKT MMC-nin yeni buraxılmış istiqrazlarının ticarətə başlama zəngi mərasimi keçirilib

Martın 16-da Bakı Fond Birjasında "Finca Azərbaycan" QBKT MMC-nin kapital bazarlarında yeni istiqraz buraxılışını qeyd etmək məqsədi ilə ticarətə başlama zəngi mərasimi keçirilib. Ümumi dəyəri 3,000,000 (üç milyon) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Ticarətə başlama mərasimində emitent tərəfindən "Finca Azərbaycan" QBKT MMC, birja üzvü tərəfindən AzFinance İnvestisiya Şirkəti və BFB-nin nümayəndələri iştirak edib. 

Bu barədə BFB-dən Fins.az-a məlumat verilib.

BFB-nin sədri v.m.i.e Eldar Abdullayev ticarətə başlama mərasimini açıq elan edərək, "Finca Azərbaycan" QBKT MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.

Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.