BİZNES

16 Mart

V raund MONEYVAL Qiymətləndirilməsi prosesi başa çatıb - FOTO

Azərbaycanın qarşılıqlı qiymətləndirilməsi çərçivəsində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndiricilərindən ibarət missiya qrupu cari ilin 1-15 mart tarixlərində Azərbaycana onsayt səfər həyata keçirib. 

Fins.az xəbər verir ki, prosesin məqsədi 2013-cü il Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) metodologiyasına uyğun olaraq, ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində beynəlxalq standartlara texniki uyğunluğunu və bu sahədə siyasətin effektiv icrasını qiymətləndirməkdir.

Qeyd edək ki, qiymətləndirmə qrupu MONEYVAL Katibliyinin üzvlərinin köməyi ilə hüquq, maliyyə və hüquq-mühafizə sahəsində təcrübəyə malik MONEYVAL ekspertlərindən ibarətdir.

Azərbaycan Respublikasının Baş nazirinin müavini cənab Əli Əhmədov tədbirin açılışında qiymətləndirmə qrupu və ölkənin ƏL/TMM sistemində cavabdeh orqanların əməkdaşları ilə görüşüb. Açılışda, həmçinin, qiymətləndirmə missiyasının rəhbəri xanım İrina Talianu iştirakçıları salamlayıb, qiymətləndirmə prosesinin nəticələrinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb və müsahibələrdə onlara müvəffəqiyyətlər arzulayıb.

Qiymətləndirilməyə Nazirlər Kabinetinin 404 nömrəli Qərarı ilə 21 Oktyabr 2020-ci il tarixində yaradılmış Koordinasiya Şurasında təmsil olunan dövlət qurumlarının, habelə aidiyyəti özəl sektorun (öhdəlik daşıyan şəxslər- QHT-lər, banklar, mühasibat, vergi və hüquq xidmətləri göstərən şirkətlər, auditorlar, notariuslar və s.) əməkdaşları cəlb edilib.

Qiymətləndirmənin sonunda MONEYVAL Katibliyi tərəfindən Əsas Nəticələr sənədi bütün iştirakçılara təqdim edilib.

Hesabatın 2023-cü ilin dekabrında MONEYVAL-ın 66-cı plenar iclasında müzakirəsi və qəbulu planlaşdırılır.