BİZNES

16 Mart

Hindistandan Azərbaycana 46 şirkəti təmsil edən 60-a yaxın heyətlə gəlmişik - Lakşmi Prasanna - FOTO

''Azərbaycana ölkənizlə münasibətlərini gücləndirmək istəyən 46 şirkəti təmsil edən  60-a yaxın nümayəndədən ibarət heyətlə gəlmişik və sizin tələblərinizin həll yollarını, eləcə də öz məhsullarımızı təqdim etməkdən məmnunuq.''

Fins.az-ın məlumatına görə, bunu hazırda keçirilən Əczaçılıq üzrə Hindistan-Azərbaycan Biznes Tədbirində Hindistanın Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurasınıın Tənzimləmə Şöbəsinin direktoru xanım Lakşmi Prasanna deyib.

''Azərbaycan Hökumətinin dərmanların əhali üçün əlçatan olmasını təmin etməyə və  Covid pandemiyasının ictimai səhiyyə sektorunda yaratdığı maliyyə gərginliyini aradan qaldırılmaq üçün səhiyyə xərclərini azalmağa çalışdığı bir vaxtda ölkələrimizin bu sahədə əməkdaşlıq etməsi üçün ən doğru vaxtdır.'' - xanım Lakşmi Prasanna söyləyib.

L.Prassan fikirlərinə əlavə edərək bildirib ki, dünyanın əczaçılıq mərkəzi adını almış Hindistan çox əlverişli qiymətə və effektiv təsiri olan dərmanların istehsalı üzrə tanınır. 

''Biz beynəlxalq qeyri-hökumət təşkilatlarını ümumi dərman vasitələri, xüsusən retrovirus və vərəm əleyhinə dərman vasitələri ilə təmin edən dünyanın ən böyük təchizatçıyıq. Hazırda 200-dən çox ölkəyə dərman ixrac edirik.Azərbaycanın 850 milyon dollarlıq həcmə malik olan əczaçılıq bazarında əsas yeri idxal tutur. Türkiyə, Avropa, Çin və Rusiya Azərbaycana ən böyük dərman idxal edən tərəfdaşlardır, Hindistan isə ümumi idxalının 4-5%-i tutmaqla bu siyahıda 6-cı yerdədir.'' - deyə o, vurğulayıb.

Sonda isə L. Prasanna Azərbaycan iş adamlarını Hindistan nümayəndə heyətinin üzvləri ilə yaxından müzakirələr aparmağa və strateji əməkdaşlıq və birgə müəssisələrin yaradılması potensialını araşdırmağa dəvət edib.

Qeyd edək ki, Hindistan Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) 2004-cü ildə Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyi tərəfindən əczaçılıq sektorunda əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb və əczaçılıq məhsullarının ixracının təşviqində vasitəçi rolunu oynayır.

Fuad Mədətov
Fins.az