BİZNES

11 Mart

Bakıda ''Vergi və Mühasibatlıq Zirvəsi 2023'' Forumu keçirilir

Hazırda “Rəqəmlərin ritmi” şüarı ilə “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutan "Vergi və Mühasibatlıq Zirvəsi" Forumu keçirilir.

Fins.az-ın məlumatına görə, tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aparıcının tədbirlə bağlı məlumatından sonra söz "Facemark" şirkətinin həmtəsisçisi Rafiq Hunaltaya verilib. R.Hunaltay tədbirin mahiyyətindən və tədbirlə bağlı daha geniş şəkildə danışıb.

Ardınca “Good Finance” direktoru Vüsal Səlimovun moderatorluğu ilə ilk panel-"Mühasibatlıq və rəqəmsallaşma" mövzusu ətrafında fərdi çıxışlara yer verilib.

İlk paneldə spiker kimi çıxış edən "Davud Mamedov" MMC-nin baş direktoru Davud Məmmədov oldu. O, "Kodinq" mövzusu ilə bağlı məlumat verib. Əsasən, vaxt bölgüsü, əməliyyat, dəqiqlik və standartlaşma məqamlarına toxunub. Həmçinin, kodlaşdırma sisteminin səmərəli istifadəsi və üstünlüklərindən bəhs edib.

Qeyd edək ki, “Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu, “Business Management School” MMC-nin və “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

4 moderator və 17 spiker "Rəqəmlərin Ritmi" şüarı ilə "Mühasibatlıq və rəqəmsallaşma", "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib", "Maliyyə hesabatları və audit", "Vergi riskləri" panelləri üzrə müxtəlif mövzuları müzakirə edirlər.

"Vergi və Mühasibatlıq Zirvəsi 2023" Forumunun media tərəfdaşlarından biri Fins.az xəbər portalıdır.

Fuad Mədətov
Fins.az