BİZNES

22 İyul

Sahibkarların əsasən üzləşdiyi problemlər nədir? MÜSAHİBƏ – FOTO

Biznes konsultant, təlimçi, auditor, həmçinin "Consulting Group" şirkətinin həmtəsisçisi və direktoru Elçin Əkbərovun Fins.az-a müsahibəsi.

- “Consulting Group” şirkətinin yaranma tarixi haqqında məlumat verərdiniz.

- Şirkət 2016-cı ildə fəaliyyətə başlayıb. Bizim fəaliyyətimiz audit, sertifikasiya, mühasibatlıq, kadr sahəsini, həmçinin iqtisadi fəaliyyətin digər sahələri olan sorğuların keçirilməsi, biznes planların yazılması, investisiya təşviqinin, lisenziyaların, icazələrin, subsidiyaların əldə edilməsinə dəstək, təlimlərin keçirilməsi kimi xidmətləri əhatə edir. Artıq aprel ayında fəaliyyətimizin 7 ili tamam olacaq.

- Şirkətin əsas iş prinsipi nədir?

- Əsas iş prinsipimizə gəldikdə, çalışdığımız müddətdə bizim öz dəyərlərimizə sadiq olmaqdır. Dəyərlərimiz dedikdə işi vicdanlı, qərəzsiz, dürüst və mümkün olduğu qədər operativ yerinə yetirməkdən ibarətdir. Çalışırıq ki, buna nail olaq. Bütün əməkdaşlarımız da bu istiqamətə köklənib. Əsas yanaşmamız davamlı olaraq inkişaf etməkdir və biz də davamlı olaraq öyrənirik, inkişaf edirik və öyrəndiklərimizi işimizdə tətbiq edirik. Artıq son dövrlərin  şüarı olan  “lifelong learning” (tərcümədə “ömür boyu öyrənmək” deməkdir) bizdə də tətbiq olunur.

- Konkret olaraq, şirkətinizin məhsullarının özəllikləri nədir?

- İlk olaraq, xidmətlərimizi sadalayaq: Azərbaycan Respublikası Auditorlar Palatasından lisenziya olduğuna görə, kənar təşkilatların maliyyə hesabatlarını yoxlayıb, onlarla bağlı rəy bildirmək, dövlət sifarişli audit yoxlamalarını həyata keçirmək, əmlak qiymətləndirilməsi, nizamnamə kapitalının artırılması və başqa audit üzrə digər xidmətlərin göstərilməsi daxildir. Şirkətlərin mühasibat və kadr işlərinin kənardan aparılması, idarə olunması və lazımi gəldikdə orada işi icra etmək üçün əməkadışımızın daimi və ya müvəqqəti əsaslarla ezam olunması, əməyin təhlükəsizliyi üzrə kənardan xidmət göstərilir. Buna səbəb hansısa şirkətin əməkdaşları əmək fəaliyyəti zamanı əmək zədəsi almaqdan çəkinsinlər və məsuliyyətli olsunlar. Eyni zamanda, şirkətin rəhbərliyinə də hər hansı bir maddi, qanuni cəhətdən sanksiya tətbiq olunmasın. Və sizə deyim ki, biz bunun nəticəsini görürük. Əvvəl müştərilərimizin əməkdaşlarına bu təlimlər verilənə qədər onlar təhlükəsizlik qaydalarını bilmirdilər. Bu da bir növ öz həyatlarına risk yaratmaq deməkdir. Təlimlərdən, müəyyən sənədlər imzalanandan sonra artıq əməkdaşlar anladılar ki, məsuliyyətin bir çox hissəsi onların öz üzərlərinə düşür. Xidmətlərimizin sırasına bazar araşdırmaları da mövcuddur. Artıq fəaliyyətdə olan şirkət və yaxud şəxs bazara yeni məhsulla daxil olmaq istəyirsə, bunun üçün də bazar araşdırılması aparılmalıdır. Müxtəlif respondentlər, sektorlar üzrə sorğular həyata keçirib, analiz apararaq, sonda hesabat halına salaraq sifarişli təqdim edirik. Texniki-iqtisadi əsaslandırma xidmətini icra edirik. Məsələn, kimsə yeni fəaliyyətə, biznesə başlamaq istəyir. Onun üçün vacib məqamlardan biri bu işin nədən ibarət olduğunu bilməsidir. Yəni ki, nəzərdə tutulan işə başlamağa dəyərmi? İş rentabellidirmi? və başqa bu kimi suallara cavab tapmaq üçün texniki-iqtisadi əsaslandırmaya diqqət yetirilməlidir. Bu mərhələlərin davamı olaraq, biznes plan yazılır. İndiyə qədər müxtəlif sektorlardan olan dövlət, özəl, kommersiya, qeyri-kommersiya sahələri üçün bu xidmətləri icra etmişik. Dövlət dəstəyinin alınmasına yardım edə bilirik. Dövlətdən investisiya təşviqi sənədlərin alınması, aqrar fəaliyyəti üçün kənd təsərrüfatı texnikasının alınması, subsidiyaların əldə olunması zamanı faizsiz kredit əldə etmək imkanı həyata keçiririk. Dövlət dəstəyi barədə biz müştərilərə, potensial şəxslərə məlumat verməyə çalışırıq. İş prosesi zamanı müşahidələrimiz onu göstərir ki, müəyyən qədər dövlət dəstəyi olsa da, heç də hamı bundan məlumatlı deyil. Dövlət dəstəyi maddi və qeyri-maddi formada ola bilir. Ən mühüm fəaliyyət istiqamətlərimizdən biri sertifikasiya şirkəti olmağımızdır. Təqdim etdiyimiz sertifikatlar şirkətlərə imkan verir ki, özlərinin istehsal ve emal etdikləri qida məhsullarını dünya bazarına çıxarıb sata bilsinlər. Şirkətimiz “GlobalG.A.P.” və “İSO’’ sertifikasiya proseslərini artıq 5 ildir ki, həyata keçirir. Bundan başqa ”Organic’’ və “BRC” sertifikatlarının verilməsinə başlamışıq. Beynəlxalq ekspertləri bura dəvət edirik. Ekspertlər sertifikatların tələblərinə uyğun olaraq, müəyyən prosesləri icra edirlər. Nəticədə sertifikat təqdim olunur. Bu ilin ilk 2 ayı ərzində 80 hektardan yuxarı ərazidə 8 şirkət üçün sertifikasiya prosesini icra edib, təqdim etmişik.

- Korporativ müştərilərin əsasən təlabatı nədir?

- Sektorlar müxtəlif olduğuna görə, müştərilərimizin də tələbləri fərqli olur. Əsasən biznes çevikliyi tələb edir. Müştərinin reaksiyasına nə qədər çevik cavab verdinsə, rəqiblərdən bir addım öndə olmuş sayılırsan. Amma, bu o demək deyil ki, çevik olub, keyfiyyətsiz xidmət göstərəsən. Mühasibatlıq və kadr üzrə daha çox tələbat var. Maliyyə hesabatlarının auditi baxımından vəziyyət biraz fərqlidir. Burada sahibkarların çoxu maliyyə hesabatlarının auditinin aparılmasına ehtiyac duymur. Təbii ki, bunun da müəyyən obyektiv səbəbləri var. Biznes planların həyata keçirilməsinə də sahibkarlarımız müraciət edir. Biz kadr üstünlüyünü universiteti yeni bitirmiş tələbələrə, az müddət təcrübəsi olan şəxslərə veririk. Düşünürük ki, şirkətimiz bu cəhətdən həmin şəxslərə təcrübə qazanmağa imkan verir.

- Ölkəmizdə kiçik və orta bizneslə məşğul olan sahibkarların sayının çox olmasını nəzərə alsaq, əsasən müraciətlər nə ilə bağlıdır?

- Ən çox şirkətimizə müraciətlər sertifikasiya ilə bağlı olur. Mühasibatlıq və kadr üzrə və maliyyə hesabatlarının auditi ilə bağlı müraciətlər kifayət qədər var. Və yeni biznesə başlamaq istəyənlər haradan və necə başlamalı olduğunu, hansı fəaliyyət üçün hansı lisenziyanın almalı olduğlarını öyrənmək üçün sorğular edirlər. Yeri gəlmişkən, şirkətlərin və şəxslərin qeydiyyatdan keçirilməsi, qeydiyyatın ləğv olunması və fəaliyyətləri ilə bağlı lisenziyaların alınması kimi fəaliyyət sahəsi şirkətimizdə mövcud istiqamətlərdən biridir.

- Ümumiyyətlə, sahibkarların əsasən üzləşdiyi problemlər nədir?

- Buna problem deməyək. Belə ki, subsidiyaların verilməsi mexanizmlərinə təlabat təkmilləşdirilir. Tutaq ki, ötən il bizim üçün tanış olan qayda ilə subsidiya almaq mümkün idisə, bu il artıq həmin qayda işləmir. Buna görə də əgər sahibkar ötən il subsidiya alıbsa, bu il qayda dəyişdiyinə görə o daha çox sənədləşməyə zaman ayırmalıdır, daha çox məqamlara diqqət etməli olur. Nəticədə də iş prosesi uzana bilir. Təkmilləşmə ilə bağlı digər məsələ adaptasiyadır. Qanunda dəyişiklik olduğu zaman əməkdaşlar mütəmadi olaraq qəbul etdikləri standartları dəyişməyə məcbur olurlar.

- Şirkətiniz bu və digər problemlərin həlli istiqamətində nə kimi təkliflər irəli sürür və yaxud hansı işlər görür?

- İlk olaraq, problemlərin həlli istiqamətində əməkdaşlarımız öz üzərilərində çalışırlar. İllik müəyyən qədər təlim büdcəsi ayıraraq, əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təlimlərə yönləndiririk. Şirkət daxili və ya xaricdən mütəxəssislər cəlb edərək, təlimlər həyata keçirilir. Bu ildən və yaxud gələn ildən hansı sahələrdə boşluqlar görürüksə, təkliflər hazırlayıb, dövlətə çatdırmağı düşünürük. Proses belə davam edəcək ki, təşkilatlar toplantılar vasitəsilə birləşərək, problemləri nəzərdən keçirdəcək. Əgər görsələr ki, bu tək bir şirkətin problemi deyil, o zaman problemlər yazılı və şifahi formada çatdırılacaq. Şifahi o hallarda ola bilər ki, toplantıda hansısa rəsmi qurum iştirak edir.

- Son üç ay ərzində nə qədər müştəri cəlb etmisiniz və həmçinin bundan öncəki 3 ay ərzində  artım, yoxsa azalma müşahidə olunubmu?

- Mühasibatlıq, audit və biznes elə sahələrdir ki, bir şirkət özünün demək olar ki, bütün daxili mətbəxini və məlumatlarını açıqlayır. İlk olaraq biz biznesin sahibi ilə şəxsi ortaq münasibətlərimizi inkişaf etdirməliyik, onlar bizə güvənməlidirlər ki, məlumat açıqlamağa arxayın olsunlar. Bundan sonra artıq rəsmi müqavilə bağlanaraq, iş icra olunur. Bu formada olduğuna görə, 3 ay ərzində 3-4 müştəri cəlb etmişik. Bundan öncəki 3 ay ərzində də 1 müştəri itirmişik. Ümumilikdə, 6 ay ərzində cəmi 3 müştəri cəlb etmişik və bu, müsbət haldır.

Fuad Mədətov
Fins.az