BİZNES

03 Mart

Nəqliyyat və logistika üzrə Azərbaycan-Polşa İşçi qrupunun 2-ci iclası keçirilib

Bakı şəhərində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Polşa Respublikasının infrastruktur nazirinin müavini Andrzej Bittelin həmsədrliyi ilə Nəqliyyat və logistika üzrə Azərbaycan-Polşa İşçi qrupunun 2-ci iclası keçirilib.

RİNN-dən Fins.Az-a verilən məlumata görə, iclasda Azərbaycan və Polşa arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq məsələləri və gələcək inkişaf perspektivləri müzakirə edilib. Bu xüsusda iki ölkənin dəniz limanları arasında əməkdaşlığın, həmçinin regionlararası aeroportlar arasında birbaşa hava reyslərinin açılması imkanının araşdırılması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Bununla yanaşı, Orta Dəhliz çərçivəsində əməkdaşlıq və mövcud marşrutların diversifikasiya imkanlarının öyrənilməsi, eləcə də iki ölkənin nəqliyyat və tranzit imkanlarından istifadə edilməsi barədə müzakirələr aparılıb.

Hazırda ölkəmizdə həyata keçirilən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin artırılması” Polşa-Litva Tvinninq layihəsi çərçivəsində yol hərəkətinin təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələsi də qeyd olunub.

İclasın yekununda Protokol imzalanıb.