BİZNES

02 Mart

Rəqabətli keçən hərracda 25 nəqliyyat vasitəsi satılıb - FOTO

Növbəti keçirilən hərrac alıcıların marağına səbəb olub. Avtomobillərdən birinə edilən ən son təklif ilkin qiymətdən 3,5 dəfə artıq olub.

Fins.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 28-də keçirilən hərracda 25 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 318 sifariş qəbul edilib, bunun 40-ı elektron qaydada həyata keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə qatılmaq imkanı hərraclarda iştirak prosedurunu daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.

Budəfəki hərracda Avropa və Cənubi Koreya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 14.000 manat olan “Land Rover Defender” markalı avtomobilə ən son təklif 3,5 dəfə çox artaraq 48.700 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 12.000 manata olan “Hyundai İX-35” markalı nəqliyyat vasitəsi 21.200 manata satılıb.

28 fevral hərracında satılan avtomobillər üzrə dövlət büdcəsinə 273 150 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (//clck.ru/33fTeQ  )  

Məlumat üçün bildiririk ki, növbəti hərraclar 7, 10 mart tarixlərində keçiriləcək. Hərraclara 113 əmlak çıxarılacaq.