BİZNES

02 Mart

Qırğızıstan nümayəndə heyətiylə Azərbaycan iş adamları arasında görüş keçirilib - FOTO

Qırğızıstan-Azərbaycan Ticarət Palatasının təşəbbüsü və KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Qırğızıstan nümayəndə heyətiylə Azərbaycan iş adamları arasında görüş keçirilib.

Fins.Az-ın məlumatına görə, martın 1-də təşkil olunan görüşdən əvvəl Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev, Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin direktoru Umbriel Temiraliyev və Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev və Azərbaycan sahibkarları Qırğızıstan-Azərbaycan Ticarət Palatasında qonaq olublar. Qonaqları salamalayan Qırğızıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri Azərbaycanın tanınmış iş adamı, «Zəfəroğlu» şirkətlər qrupunun rəhbəri Zəfər Məmmədov onlara Qırğızıstan məhsulları və xüsusiylə Qırğızıstanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və digər sahələri haqqında ətraflı məlumat verib.

Ardınca qonaqlar “Bakı KOB evində olublar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB evinin fəaliyyəti, burada sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə hər iki ölkənin iş adamları arasında mövcud əməkdaşlığa və bu əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qırğızıstan nümayəndə heyəti və Azərbaycan iş adamları arasında görüş keçirilib. Geniş müzakirə və interaktiv şəraitdə keçirilən görüşdə Qırğıstanda işbirliyi qurmaq istəyən sahibkarlar maraqlı təkliflərlə çıxış ediblər. Həmçinin Qırğızıstan nümayəndə heyəti tərəfindən bu ölkənin iqtisadiyyatına, müxtəlif sektorların potensialına və investisiya qoyuluşu imkanlarına dair məlumat verilib, Azərbaycan iş adamlarının Qırğızıstan iqtisadiyyatına və əməkdaşlıq imkanlarına dair sualları cavablandırılıb.

Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu təşəbbüsü yüksək qiymətləndiriblər. Onlar gələcəkdə qeyd olunan təkliflərin həyata keçməsi üçün səylər göstərəcəklərini və təkan verəcəklərini söyləyiblər.

Qeyd edək ki, Qırğızıstan-Azərbaycan Ticarət Palatanın yaradılması biznes imkanları reallaşdırmağa, iki ölkə biznesi arasında əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verəcək. Bundan başqa, Azərbaycana təbii, sağlam məhsulların idxal olunmasına, eləcə də Azərbaycan məhsullarının Qırğızıstana ixracına imkan yaradacaq.

Fuad Mədətov
Fins.Az