BİZNES

28 Fevral

Azərbaycanın ixracı 2 milyard dollara çatıb

Azərbaycanın ötən ay ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib. 

Fins.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın fevral sayında bildirilib.

Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb. Cari ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.

Bu dövrdə kimya sənayesi məhsullarının ixracı 11,3%, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə  artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94%-i təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

Qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (106,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası (68,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (24,5 milyon ABŞ dolları) üçüncü  olub.

Qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (72,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (15,5 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,8 milyon ABŞ dolları) üçüncü olub.