BİZNES

24 Fevral

Özbəkistan-Azərbaycan arasında birgə biznes layihələrinin sayı sürətlə artıb - FOTO

Bu il fevralın 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının üçüncü iclası keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər.

Fins.Az-ın məlumatına görə, tədbirdə Özbəkistanın Ticarət-Sənaye Palatası sədrinin birinci müavini və İşgüzar Şurasının həmsədri Tura Bobolov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Azərbaycan İşgüzar Şurasının həmsədri Vüqar Zeynalov, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agenliyinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru v.i.e. Yusif Abdullayev, eləcə də digər idarə və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Onların arasında Özbəkistan tərəfdən Turizm və Mədəniyyət Nazirliyinin, İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyinin nümayəndələri və Özbəkistan Banklar Assosiasiyasının üzvləri də olub.

Azərbaycan tərəfdən tədbirə Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İctimai Birliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndələri, həmçinin Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi qatılıb.

Tədbirin əsas məqsədi Özbəkistan və Azərbaycan arasında investisiya və ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi olub.

Tura Bobolov çıxışı zamanı iki ölkə arasında əməkdaşlığın son illər fəal şəkildə inkişaf etdiyini, qarşılıqlı ticarətin və birgə biznes layihələrinin sayının sürətlə artdığını qeyd edib.

Qeyd edək ki, Özbəkistan və Azərbaycan üçün prioritet istiqamətlər üzrə iqtisadi tərəfdaşlığın ardıcıl genişlənməsinə, eləcə də iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilir.

2022-ci ilin iyul ayına olan məlumata görə, Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 243 müəssisə fəaliyyət göstərir ki, onlardan 86-sı birgə müəssisə, 157-si isə 100 faiz xarici kapitallıdır. Onların əksəriyyəti maşınqayırma və metal emalı, energetika, yüngül sənaye, yeyinti sənayesi, zərgərlik məmulatlarının istehsalı və təmiri, daşınmaz əmlak, xidmət, ticarət, maliyyə və sığorta sahələrində çalışır.

Tədbirin sonunda Özbəkistan-Azərbaycan özəl sektorunun nümayəndələri iki ölkədə birgə layihələrin daha da inkişafına töhfə vermək istəklərini bildiriblər.