BİZNES

22 Fevral

Pulumuzu nəyə yatıraq - Əmlak, qızıl, istiqraz yoxsa bank?

İnsanlar həmişə əllərindəki pulu yatırıma yönəldərək daha çox gəlir əldə etməkdə maraqlıdırlar. Bunun üçün maliyyə alətlərini nəzərdən keçirib, gəlirliliyini hesablamaq lazımdır. Bu zaman daha çox pul qazanmaq istəyən şəxslər üçün bir neçə önəmli sual yaranır: "Hazırki dövrdə hansı investisiya alətinə pul yatırmaq daha sərfəlidir? Pulumu nəyə yatırsam daha çox gəlir əldə edə bilərəm?". Bu kimi suallar həmişə yatırım etmək istəyən insanların maraq dairəsində olub. Azərbaycanda fiziki şəxslər əllərindəki vəsaitləri daha çox banklara və qızıla yatırırlar. Belə ki, ölkədə fəaliyyət göstərən banklar illik 6-12 faiz dərəcələri ilə bankda depozit hesabı açmaq imkanı təklif edir.

Bəs digər investisiya alətləri necə? Qızıl, istiqrazlar, daşınmaz əmlak? Hansına yatırım etmək daha gəlirlidir? 

Fins.Az xəbər verir ki, bununla bağlı "Margin.az"ın suallarını iqtisadçı-ekspert Cəfər İbrahimli cavablandırıb.

Onun sözlərinə görə, investisiyaya marağı artıran faktor yalnız qazanc deyil: "Burada investoru maliyyə alətinə yönəldən başqa faktorlar da var. Maliyyə alətinin riskindən, likvidliyindən, sürətli şəkildə nağd vəsaitə çevrilməyindən, eyni zamanda faizi, gəlirliyi kimi faktorlardan söhbət gedir. Bütün bunların tamamı investoru nəyəsə yatırım etməyə vadar edir".

Ekspert qeyd edib ki, investorun marağı və yanaşması da fərqli ola bilər: "Ümumi yanaşmaya gəldikdə isə biz insanların qısamüddətli vəsaitlərini həm daxili, həm xarici bazarda səhmlərə, dövlət və özəl sektor istiqrazlarına investisiya etməsində maraqlıyıq.  Bu gün faiz gəliri əldə etmək istəyənlər üçün faiz baxımından istiqrazlar daha avantajlıdır. Çünki Azərbaycanda əmanətlərlə müqayisədə istiqrazlar vergidən azaddır (xüsusilə fiziki şəxslər üçün). Həm də özəl sektor istiqrazların faizi özəl sektor əmanətlərinin faizindən daha yüksəkdir.  Digər uzunmüddətli və likvid olmayan alət kimi daşınmaz əmlak ön plandadır. Buna insanların marağı da çoxdur. Daşınmaz əmlaka daha uzunmüddətli investisiya edilir. Yəni, uzunmüddətli yatırım etmək istəyənlər bundan istifadə edə bilərlər".

C. İbrahimli bildirib ki, qızıl isə hər zaman güvənli maliyyə aləti hesab olunur: "Dünyada prosseslər mənfi məcrada hərəkət edəndə və qlobal risklər artanda qızılın qiymətinin artdığını müşahidə edirik. Bu istiqamətdə qızıl daha uzunmüddətli və daha güvənli alət olduğu üçün investorların bura yönəlməsində maraqlı olduqlarını düşünürük".