BİZNES

21 Fevral

Fərqlənmə nişanı alan vergiödəyicilərinin vergi və sosial sığorta öhdəlikləri

Vergi Məcəlləsinin 219.2-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşınmasını həyata keçirən şəxslər üçün vergitutma obyekti həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələridir. Vergiödəyiciləri üçün göstərilmiş xidmət müqabilində hesablarına daxil olan məbləğlər vergitutma obyekti hesab edilmir və vergiyə cəlb edilmir.

Fins.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergiödəyiciləri üçün ərazilərə uyğun olaraq zona əmsalları müəyyən edilib:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;

- Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) - 1,5;

- digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci və 220.6.2-ci maddələrində göstərilənlər istisna olmaqla) - 1.

Qeyd olunub ki, fərqlənmə nişanı alan vergiödəyiciləri üçün vergi öhdəliyi aylıq hesablanır. Vergi öhdəlikləri ilə yanaşı, onların “Sosial sığorta haqqında” və “İcbari tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, sosial sığorta (minimum aylıq əməkhaqqından 6 faiz) və icbari tibbi sığorta haqları (minimum aylıq əməkhaqqından 4 faiz) üzrə öhdəlikləri yaranır. Həmçinin nəzərə almaq lazımdır ki, fərqlənmə nişanı hər avtonəqliyyat vasitəsinə ayrı-ayrılıqda verilir.